CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin sonunadək bəzi vətəndaşlar mülkiyyət sənədləri ilə təmin ediləcəklər

Xidmət tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində xidmət göstərilməsi təmin ediləcək.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bununla bağlı pay torpaqlarına dair çıxarışı olmayan vətəndaşlara yerlərdə səyyar qeydiyyat xidməti göstərilir.
Artıq ölkənin bir çox rayonunda (Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçala) vətəndaşlara səyyar qeydiyyat xidmətləri göstərilib.
Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidentinin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir.
Dekabrın sonunadək mülkiyyət sənədləri ilə təmin edilməyən 3 min vətəndaşın müvafiq Fərmanın icrası çərçivəsində sənədlərinin qəbulu planlaşdırılır. Ümumilikdə 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, sənədləşmə üçün hər hansı müddət məhdudiyyəti nəzərdə tutulmayıb. Vətəndaşlar arzu etdikləri vaxt öz müraciətlərini edə bilərlər. Ancaq fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi üçün bu tarixə qədər müraciətlərin başa çatdırılması məqsədəuyğun hesab olunur. Bu səbəblə fermerlərin mümkün olduğu qədər qısa müddət ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etmələri tövsiyə edilir.
"APA-Economics" bildirib ki, Xidmət tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində xidmət göstərilməsi təmin ediləcək.