BAKI, 27 dekabr — Sputnik. Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən, prosesdə ifadə verən R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov əvvəllər tikinti biznesi ilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyib. O bildirib ki, "Dərhal" tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb. Elşən Cəbrayılov bildirib ki, mərhum qardaşı ondan 17 yaş böyük olub.
Məhkəmədə bildirilib ki, bəzi zərərçəkmişlərin əllərində "Dərhal" MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi, Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edirlər ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər.
60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədovla bağlı sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, B.Məmmədov əslində, mənzil almaq üçün pul verməyib. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul verib. O pulu verməsi üçün də sözügedən müqavilə yazılıb, onun yanında girov qoyulmuşdu: "Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm".
Elşən Cəbrayılov qardaşının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər - Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.
Prosesdə zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov şahidin yalan danışdığını deyib. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar Elşən Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub: "Rəfael Cəbrayılovdan da bu istifadə edib, pulları da bu mənimsəyib".
Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.
"Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə", - Elşən Cəbrayılov bildirib.
Elşən Cəbrayılovun dindirməsi növbəti prosesdə davam etdiriləcək.
APA-nın xəbərinə görə, proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, Rafael Cəbrayılov dələduzluqda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin bir neçə prosesi keçirilib. R.Cəbrayılov bu il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.