BAKI, 27 dekabr — Sputnik. Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.
Sputnik Azərbaycan görüşün azərbaycanlı iştirakçılarından Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və kinorejissor Ayaz Salayevlə həmsöhbət olub.
Kinorejissor Ayaz Salayev bildirib ki, bu, tanışlıq görüşü olub və ilk addım kimi müsbət qarşılanıb: "Hər iki tərəf görüş ərzində özünü təmkinli apardı. Düşünürəm ki, bu görüşlərin davam etdirilməsi mütləq lazımdır. Biz hərb meydanında qələbə çalmışıq, indi biz təfəkkür qələbəsi də qazanmalıyıq".
Kinorejissor görüşdə müzakirə olunan məsələlər haqqında isə deyib ki, xalqlar arasında etimadın qurulması üçün bu görüşlər faydalı olacaq: "Mən istərdim ki, tərəflər bir-biri ilə fikir mübadiləsi aparsınlar. Görüşdə də erməni tərəfinə sual verdim ki, 88-ci ildə bu məsələlərə niyə başladınız? Biz sizə nə pislik etmişik? Onlar bu suallara cavab verə bilmirlər. Mən istərdim ki, biz 87-88-ci illəri müzakirə edək".
"Erməni tərəfi isə Azərbaycanda saxlanılan terrorçularla bağlı məsələlər qaldırdı. Biz isə öz növbəmizdə bildirdik ki, onlar qayıdacaqlar, ancaq sizin hökumətiniz də mina xəritələrini doğru formada Azərbaycana təqdim etməlidir. Bu günə qədər mina partlayışlarında bizim vətəndaşlarımız həlak olur və onlar heç vaxt evinə qayıda bilməyəcəklər", – Ayaz Salayev açıqlayıb.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da deyib ki, Moskvada çox maraqlı görüş baş tutub. Onun sözlərinə görə, görüşün məqsədi tərəflərin bir-biri ilə fikir mübadiləsi aparmasını təmin etmək idi: "Gələcəkdə bir yerdə necə dinc yaşayacağımızla bağlı bir-birimizin fikrini öyrənməyə çalışdıq. Əvvəl də (2008-ci ildə - red.) belə formatda görüş keçirilmişdi. Müharibədən sonra keçirilən bu görüşdə isə əvvəlki illə müqayisədə erməni nümayəndə heyətinin əhvalında çox böyük fərq var idi".
"Erməni nümayəndə heyətinin əhval-ruhiyyəsi aşağı idi. Hiss olunurdu ki, onlar psixoloji olaraq ağır sarsıntılardan keçirlər və bizimlə görüşməyə xüsusi ilə can atırlar. Görüş əsnasında onlar müzakirələri siyasi istiqamətə yönəltməyə çalışırdılar. Amma biz onlara izah etdik ki, hazırkı görüş formatında bu bizim müzakirələrin söhbət obyekti ola bilməz", – deyə Kamal Abdulla bildirib.
"Azərbaycan nümayəndə heyəti erməni tərəfinin olub-keçənlərdən nəticə çıxarıb-çıxarmadığını anlamağa çalışırdı", - deyən K.Abdulla vurğulayıb ki, bu nümayəndə heyətinin ortaya qoyduğu fikirlər də onların xalqlar arasında etimadın qurulmasına meyilli olduğu qənaətini formalaşdırdı.
"Onlar da istəyirlər ki, müharibələrə son qoyulsun, gələcəkdə gənc nəsil bir-biri ilə ünsiyyətdə olsun. Biz yenə də qonşuyuq. Heç birimiz bu qonşuluqdan qaçıb canımızı qurtara bilməyəcəyik. Nifrət ritorikasından, nifrətlə bir-birinə münasibət bəsləməkdən uzaqlaşmaq lazımdır".
Həmçinin oxuyun: