RUSİYA

"3+3" platforması necə işləyəcək - Rusiya XİN-in mövqeyi

Moskva platformanın işində iştirak etməyin açıq-aşkar səmərəli olmasına rəğmən Tbilisinin ilk görüşə öz nümayəndələrini göndərməməsinə təəssüf edir. Ancaq Gürcüstan üçün qapı "açıq" saxlanılıb.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Sputnik agentliyinə eksklüziv müsahibəsində Cənubi Qafqazdakı vəziyyət, Qərbin MDB ölkələrinin daxili işlərinə qarışmaq cəhdi, Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətlər, koronavirus pandemiyası ilə mübarizə və postsovet məkanının başqa mühüm problemlərindən söz açıb.
– Son vaxtlar postsovet məkanında elə hadisələr baş verir ki, bütün bunlar Rusiyanın maraqlarına toxunmaya bilməz. Belarus-Polşa sərhədində gərginlik, Qarabağ istiqamətində yaşananlar, Moldovada qaz böhranı, Gürcüstanda etiraz aksiyaları, NATO-nun Rusiya sərhədləri yaxınlığında fəallaşması. Bütün bunları uzunmüddətli tendensiya hesab etmək olarmı? Rusiya hansı addımları atmaq fikrindədir, vəziyyətin nizamlanmasında MDB ölkələri nə kimi rol oynaya bilər?
– Postsovet məkanında baş verən istənilən mühüm hadisə və proses bu və digər dərəcədə Rusiyanın maraqlarına toxunur, çünki söhbət bizim yaxın qonşularımızdan gedir. Biz regionun sabitliyi və dayanıqlı inkişafının təmin olunmasına böyük əhəmiyyət veririk. Təəssüf ki, bu vəziyyət heç də hamını qane etmir, bəzi ölkələrin hərəkətləri Rusiyanın ənənəvi müttəfiqləri ilə əlaqələrini məhv etmək üçün MDB-də parçalanma proseslərini qızışdırmağa yönəlib.
Ötən illər ərzində biz Qərbin MDB-yə üzv olan dövlətlərin daxili işlərinə qarışmaq məqsədilə davamlı cəhdlərinin şahidi oluruq. Sizin çəkdiyiniz misallara Kiyevin praktik olaraq tamamilə xarici idarəetmənin təsiri altına keçməsini, növbəti "rəngli inqilab" ssenarisini həyata keçirmək üçün Belarusda pərakəndə müxalifətə açıq xarici dəstəyin göstərilməsini, ABŞ-ın Əfqanıstanda vəziyyətin gərginləşməsi bəhanəsi ilə Mərkəzi Asiya ölkələrinə hərbi infrastruktur yerləşdirməyə cəhd göstərməsini əlavə etmək olar.
Postsovet məkanında Qərb ölkələrinin guya pandemiyaya qarşı mübarizə çərçivəsində hərbi-bioloji fəallığının artırılması, Birlik ölkələrinin NATO-nun Rusiya əleyhinə, eləcə də, Rusiyaya bitişik zonalarda təxribat xarakterli tədbirlərə cəlb olunmasını da qeyd edə bilərik. Bu siyahını davam etdirmək olar.
Əlbəttə ki, təhlükəsizliyin təminatı və sülhquruculuğu sisteminin dayanıqlığı məsələləri də MDB-nin gündəmindədir. Dövlət, hökumət başçıları, xarici işlər nazirlərinin görüşlərində konkret ölkələrdəki böhran vəziyyətləri, o cümlədən, beynəlxalq anlaşılmazlıqlar açıq şəkildə müzakirə olunur. Və bu çox dəyərlidir!
Birlik üzrə tərəfdaşlar bütünlükdə vəziyyəti, həmçinin, ABŞ-la Qərbin real motivlərini adekvat qiymətləndirirlər. Və dostlarımızın əksəriyyəti sanksiyalara, siyasi təzyiqlərə, bizə yad olan dəyərlərin tətbiqinə tənqidi yanaşırlar. Bizim üçün yalnız MDB ölkələri ilə ənənəvi müttəfiq münasibətlərinin zəifləməsinə yol verməmək deyil, həm də müxtəlif sahələrdə bu münasibətlərin möhkəmlənməsinə hərtərəfli yardım göstərmək önəmlidir.
Bununla belə, NATO və Avropa İttifaqından fərqli olaraq, MDB-də tərəfdaşların maraqlarına cavab verməyən qərarların qəbul edilməsi praktikası yoxdur. Biz istənilən mövzuda, həmçinin Rusiya üçün həssas məsələlərdə bərabərhüquqlu və bütün tərəflərin maraqlarına cavab verən dialoqun tərəfdarıyıq.
2021-ci ildə 30 illik yubileyini qeyd edən Birlik çoxprofilli regional qurum kimi öz dayanıqlılığını təsdiqləyib və müxtəlif məqsədli dialoqlar üçün tələb olunan platforma kimi qəbul olunub. Biz öz tərəfimizdən bundan sonra da MDB-nin fəaliyyətinin təkmilləşdirilməsi, sektorlararası əməkdaşlığın genişləndirilməsi, üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin əməli təsirinin artırılması yönündə səylərimizi əsirgəməyəcəyik.
–"3+3"-ün işlək bir platforma olma ehtimalı nə qədərdir? Bu regional layihədə iştirakdan hələlik imtina edən Gürcüstanın iştirakı nə qədər prinsipialdır? "3+3" platforması, heç olmasa, ilkin mərhələdə "3+2" şəklində (Gürcüstanın iştirakı olmadan) fəaliyyət göstərə bilərmi?
– Cənubi Qafqazın və bu regiona qonşu ölkələrin yaxınlaşmasına istiqamətlənmiş "3+3" regional məşvərət platforması praqmatik, qeyri-siyasi format kimi yaradılıb və artıq işləyir. Müştərək fəaliyyətimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsinə istiqamətlənmiş məsələlərə diqqət yetiririk: ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin, ümumi çağırış və təhdidlərlə mübarizə.
Bu il dekabrın 10-da Moskvada keçirilən ilk "3+3" görüşü göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun davam etdirilməsində deyil, həm də praktiki qarşılıqlı fəaliyyətin qurulmasında maraqlıdırlar. Təəssüf edir ki, platformanın işində iştirak etməyin açıq-aşkar səmərəli olmasına rəğmən, Tbilisi ilk görüşə öz nümayəndələrini göndərmədi. Bununla belə, bütün iştirakçılar Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını ifadə etdilər və bir məsələdə razılığa gəldilər ki, həmin ölkə üçün "qapı" açıq saxlanılsın.
– Mərkəzi Asiya ölkələrindən olan tərəfdaşlarla Əfqanıstandan region ölkələrinə qaçqın axını ehtimalı ilə bağlı risklər müzakirə olunurmu? Hazırda həddən artıq qeyri-stabil vəziyyətin yaratdığı terror təhlükəsinin dəf edilməsi ilə bağlı əlavə birgə təbirlərin görülməsi gündəmə gətirilirmi?
– Təbii ki, bu, kompleks həll tələb edən problemdir və bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla müzakirə etdiyimiz əsas mövzulardan biridir. Əfqanıstanın özündə vəziyyətin necə inkişaf edəcəyindən çox şey asılıdır. Ümumi gücün hesabına bu ölkəni humanitar fəlakətdən xilas etmək mümkün olacaqmı? Biz bu problemin həllində iştirak edir və əfqan xalqına birbaşa yardım göstəririk.
O cümlədən, əfqan hökumətinin xarici banklardakı dondurulmuş vəsaitləri ilə bağlı problemin həllinə də çalışırıq. Digər tərəfdən, aydın şəkildə başa düşürük ki, terrorçular qaçqınlarla birlikdə qonşu ölkələrə sıza bilərlər. Buna əsaslanaraq, Əfqanıstanın qonşu dövlətləri ilə birlikdə qabaqlayıcı tədbirlər görür, məlumat mübadiləsi aparır, birgə təlimlər və manevrlər keçirir, ilk növbədə sərhəd təhlükəsizliyi üçün texnikanın, hərbi təyinatlı məhsulların tədarükünə köməklik göstəririk.
Onu da qeyd etmək lazımdır ki, bizim Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın Əfqanıstanla uzun illik qonşuluq təcrübəsi var və onlar bu ölkə ilə münasibətlərin qurulmasının spesifikasını hamıdan yaxşı anlayırlar. Onlar bunu təhlükəsizlik və inkişaf məqsədləri, həmçinin, sərhədin o tayındakı qohum icmalarla ənənəvi əlaqələri əsasında edirlər. Biz buna anlayışla yanaşırıq. Bizim vəzifəmiz ümumi maraqlara uyğun addımları əlaqələndirməkdir: Əfqanıstandaxili böhranı aradan qaldırmaq, təhdidlərin bizim tərəfə "sıçramasının" qarşısını almaq.
– 2022-ci ilin fevralında Belarusda Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi planlaşdırılır. İslahatlardan sonra, aydın məsələdir ki, yeni prezident seçkisi keçiriləcək. Rusiya bu siyasi transformasiyadan nə gözləyir?
– Konstitusiya islahatları yeni prezident seçkisinin vaxtının müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu da Belarusun daxili məsələsidir. Rusiya bizə müttəfiq dövlətin siyasi stabilliyində və rifahında maraqlıdır. Görürük ki, Belarus hakimiyyəti cəmiyyəti konsolidasiya etmək və respublikanın siyasi strukturunun modernləşdirilməsi ilə bağlı tələbləri təmin etmək üçün əlindən gələni əsirgəmir.
Əsas Qanuna əlavə və dəyişikliklərlə bağlı şəffaf şəkildə, əhalinin müxtəlif təbəqələrini, o cümlədən, konstruktiv müxalifəti maksimum əhatə etməklə iş aparılır. Bundan başqa, səsverməyə çıxarılmazdan əvvəl geniş ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. Əminik ki, Konstitusiya islahatları şəffaf və təxribatlar olmadan keçəcək. Nəticə necə olursa-olsun, Rusiya onu qəbul edəcək. Kənardan təzyiq olmadan müstəqil şəkildə öz dövlətinin inkişaf yolunu müəyyən etmək hüququ yalnız bu ölkənin vətəndaşlarına məxsusdur. Və Belarusda yeni prezident seçkisinin nə vaxt keçiriləcəyi onların qərarından asılı olacaq.
Gözləntilərimizə gəlincə, ümid edirik ki, Belarusda siyasi transformasiyanın əsas nəticəsi onun dövlətçiliyinin möhkəmlənməsi, daxili siyasi vəziyyətin sabitləşməsi və əhalinin rifahının yüksəlməsi olacaq. Bizimlə birlikdə min bir əziyyətlə, bərabər hüquqlar əsasında İttifaq dövləti quran bu qardaş respublikaya lazım gələrsə, hər zaman dayaq olmağa hazırıq.
– Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri N.Popeskunun Moskvaya səfərindən sonra Rusiya ilə Moldova arasında münasibətlərdə müsbət dəyişikliklər baş verdimi? Və bu səfər zamanı Moldova Respublikasının prezidenti M.Sandunun Moskvaya səfərinə hazırlıqla bağlı söhbət aparıldımı?
– Moldovada seçki prosesləri ilə bağlı yaranan fasilədən sonra Kişinyovla siyasi dialoqun tədricən bərpa olunduğunu deyə bilərik. Bizim ikitərəfli əlaqələrimiz müntəzəm və sabit xarakter alır.
Bu ilin avqustunda Prezident Administrasiyası rəhbərinin müavini D.N.Kozak Kişinyovda olub. Bu ilin oktyabr ayında Moldova Baş nazirinin müavinləri V.Kulminski və A.Spınu Moskvaya gəlib, Afinada Federasiya Şurasının sədri V.İ.Matviyenko Moldova Respublikası Parlamentinin sədri İ.Qrosu ilə görüşüb.
Bu il noyabrın 17-də N.Popeskunun Rusiyaya işgüzar səfəri zamanı 2001-ci ildə imzalanmış ikitərəfli Dostluq və Əməkdaşlıq Müqaviləsinin 20-ci ildönümü və 2022-2023-cü illər üçün Xarici İşlər Nazirliklərinin Məsləhətləşmələr Planı ilə bağlı Birgə Bəyanatı imzalanıb. İqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın həmsədrləri N.Popesku və kənd təsərrüfatı naziri D.N.Patruşev arasında da görüş keçirilib.
Komissiyanın 17-ci iclasının 2022-ci ilin birinci rübündə keçirilməsinə dair razılıq əldə olunub və hazırda buna hazırlıq işləri gedir. İki ölkənin Xarici İşlər nazirlikləri arasında da təmaslar davam etdiriləcək. Biz Moldova rəhbərliyinin Rusiya ilə açıq qalan məsələlərin həllinə yönəlmiş konstruktiv, praqmatik əməkdaşlığa köklənməsini alqışlayırıq. Eyni zamanda, Moldova tərəfindən müvafiq bəyanatların əməli addımlarla dəstəklənəcəyini gözləyirik. Öz tərəfimizdən biz də praqmatizm və maraqların qarşılıqlı nəzərə alınması prinsipləri əsasında belə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırıq.
O ki qaldı Moldova Respublikası Prezidentinin M.Sandunun Rusiyaya səfərinə, Rusiya tərəfi bu məsələni artıq bir neçə dəfə, o cümlədən Moskvada N.Popesku ilə bu yaxınlarda aparılmış danışıqların yekunları əsasında şərh edib – bu səfər barədə zəngin gündəm formalaşandan sonra danışmaq mümkün olacaq.
– Yaxın vaxtlarda 5+2 formatında rəsmi görüşün keçirilməsini gözləmək olarmı? İki ildir ki, fəaliyyəti nəzərə çarpmır. Rusiya Qoşunlarının Operativ Qrupunun və hərbi sursat anbarlarının Dnestryanıdan çıxarılması məsələsi praktiki müstəvidə müzakirə olunurmu?
– Bəli, həqiqətən də, son iki il ərzində Dnestryanı münaqişənin nizamlanmasında irəliləyiş əldə olunmayıb. "5+2" beynəlxalq danışıqlar prosesinin sonuncu rəsmi görüşü hələ 2019-cu ilin oktyabrında Bratislavada baş tutub və bu faktın özü çox şeydən xəbər verir. Uzunmüddətli fasilənin bir neçə səbəbi var - bu, koronavirus pandemiyası və Moldovanın özündə gedən daxili siyasi proseslərlə əlaqədardır.
2021-ci ildə Rusiya və "5+2" formatının digər vasitəçiləri və müşahidəçiləri ilin sonuna qədər onun növbəti iclasının hazırlanması və keçirilməsi üçün çox səy göstəriblər. Bu fürsət kifayət qədər real idi, ancaq Moldova tərəfinin mövqeyinə görə heç reallaşmadı. Belə görünür ki, həll prosesinin irəliləməsində "5+2" formatının dinamikasının bərpasında ən çox maraqlı Kişinyov olmalıdır. Ancaq, görünür, bəzi başqa fikirlər üstünlük təşkil edib.
Danışıqlar prosesində qarant ölkələr və vasitəçi kimi, eləcə də ikitərəfli planda olduğu kimi biz Kişinyov və Tiraspolu Dnestryanı nizamlanma məsələləri üzrə dialoqu həmçinin "5+2" formatında aktivləşdirməyə çağırırıq. Biz bu mexanizmin ritmik işinin bərpasının və onun vaxtı çatmış görüşünün tezliklə keçirilməsinin tərəfdarıyıq. Tiraspol tərəfindən belə siyasi iradə mövcuddur. Rusiya Qoşunlarının Əməliyyat Qrupunun (RQƏQ) Dnestr çayının sol sahilində mövcudluğuna gəlincə, onun dəqiq müəyyən edilmiş məqsədləri var. RQƏQ, ilk növbədə, Birgə Sülhməramlı Qüvvələrin tərkibində Rusiya sülhməramlı kontingentini təmin edir. Sülhməramlı əməliyyat mandatı tükənməyib və açıq şəkildə münaqişənin həlli, siyasi razılaşmaların əldə edilməsi ilə bağlıdır. Hələlik bunun olmasına çox var.
Dnestryanı bölgədə Rusiya Qoşunlarının Əməliyyat Qrupunun olmasının digər səbəbi hərbi əmlak anbarlarının mühafizə edilməsinin zəruriliyidir. Bu, tamamilə bizim məsuliyyətimizdir. Biz bu əmlakın çıxarılması və işlədilməsi ilə bağlı öhdəliklərimizdən imtina etmirik və Moldova tərəfi ilə birlikdə bu sahədə praktik addımları nəzərdən keçirməyə hazırıq.
– Son bir il ərzində Rusiya MDB ölkələrinə koronavirus pandemiyası ilə mübarizədə fəal kömək edib. İndi "Omikron" ştammının yeni dövrü və yeni təhdidləri astanadadır. Bu istiqamətdə fəaliyyətlərin razılaşdırılması və əməkdaşlığın daha da inkişaf etdirilməsi planlaşdırılırmı?
– İki ilə yaxındır ki, həyatımız COVID-19 pandemiyası ilə mübarizə şəraitində keçir. Bu yeni reallıq, görünür, uzun müddətdir ki, bizimlədir: dünyanın müxtəlif bölgələrində daim yeni ştammlar aşkar edilir, xəstələrin sayı isə təəssüf ki, çox da azalmır.
Ancaq paradoksal olaraq, belə bir ciddi çağırışa cavab axtararkən, böyümə və inkişaf üçün resurslar tapa bildik. Söhbət, ilk növbədə, insan həyatının müxtəlif sahələrinin dərin rəqəmsallaşdırılmasından, ən müasir biotibbi texnologiyaların mübadiləsindən gedir.
MDB ölkələrinə gəlincə, biz bu məkanın ümumi sanitar-epidemioloji sahəsinin qorunmasının vacibliyindən çıxış edirik. Rusiya bu prosesdə öz rolunu oynamağa hazırdır. Buna görə də biz Birlik dostlarımıza COVID-19 ilə mübarizədə hərtərəfli kömək göstərməyə davam edirik. Çətin vəziyyətdə qarşılıqlı dəstək və qarşılıqlı yardım təbii və normaldır. Əsrlər boyu yan-yana yaşayan ən yaxın dostları və müttəfiqləri fərqləndirən də budur.
Pandemiyanın başlanğıcından bəri MDB ölkələrinə yüz mindən çox peyvənd, çoxlu sayda test-sistemləri, dərman, fərdi müdafiə vasitələri, mobil diaqnostika kompleksləri və müasir mikrobioloji laboratoriyalar göndərmişik. Rusiya Səhiyyə Nazirliyi, Rusiya Müdafiə Nazirliyi, “Rospotrebnadzor” vasitəsilə Rusiyanın tibb mütəxəssisləri Birlik ölkələrinə elmi-metodiki dəstək göstərmək və öz təcrübələrini qazanmaq üçün səfərlər edirlər.
Gündəmdə əsaslı şəkildə qurulmuş qarşılıqlı əlaqənin dərinləşdirilməsi və bütün lazımi elmi-metodiki dəstəyin təmin edilməsi dayanır. Biz ölkələrimizin epidemioloji xidmətləri arasında, xüsusən MDB-yə üzv olan dövlətlərin ərazilərinin, xüsusilə təhlükəli yoluxucu xəstəlilklərin gətirilməsindən və yayılmasından mütəmadi əlaqələrin səmərəliliyini sanitar mühafizəsi problemləri üzrə Koordinasiya Şurasının iclasları çərçivəsində qeyd edirik. Sevindirici haldır ki, Birliyin müqavilə-hüquq bazası təkmilləşdirilir.
– MDB ölkələri vətəndaşlarını narahat edən mövzulardan biri də Rusiyanın xaricdə "Sputnik V" peyvəndi sertifikatlarının tanınmamasıdır (yəni, "Sputnik" peyvəndi, məsələn, Rusiyada Qazaxıstan poliklinikasında tanınmır), bu da Birlik ölkələrindən olan bir çox miqrantlar üçün bir sıra problemlər yaradır. Belə bir problem nədən yaranıb və bu gün onun həlli üçün hansı yollar mövcuddur?
– İlk öncə Rusiyanın "Sputnik V" peyvəndinin Ukraynadan başqa MDB-nin bütün ölkələrində fəal şəkildə istifadə olunmasından, etibar qazanmasından və nəticədə yerli əhali arasında ona böyük tələbatın olmasından başlamaq istərdim. Çatdırılmalar, artıq dediyim kimi, birinci və ikinci komponentlərin yüz minlərlə dozası ilə hesablanır. Lisenziyalı istehsal Ermənistan, Belarus, Qazaxıstan və Özbəkistanda uğurla qurulub, Azərbaycanla bu məsələ müzakirə mərhələsindədir. Hesab edirəm ki, bu, yerli elmin, o cümlədən beynəlxalq sahədə böyük qələbəsidir.
İnnovasiya və informasiya texnologiyaları sahəsində birgə layihənin - "COVID-19 olmadan səyahət etmək" rəqəmsal tətbiqinin həyata keçirilməsi də pandemiya şəraitində əhalinin hərəkətliliyini bərpa etməyə kömək edir. Bütün Aİİ ölkələri və MDB tərəfdaşlarının əksəriyyəti onun iştirakçılarıdır.
Hazırda Rusiya Federasiyası Hökumətinin ümumi koordinasiyası ilə xarici dövlətlər, xarici iqtisadi və siyasi birliklərlə Rusiya dərman vasitələri ilə peyvənd sertifikatlarının beynəlxalq, o cümlədən vaksin sertifikatlarının QR kodları ilə tanınması mövzusunda geniş iş aparılır. Rusiya Səhiyyə Nazirliyinin rəhbərliyi altında müvafiq idarələrarası işçi qrupu yaradılıb. Bir sıra ölkələrlə, o cümlədən Qazaxıstanla müvafiq məsləhətləşmələr aparılır, bu məsləhətləşmələr zamanı razılaşma forması və digər hüquqi aspektlər müzakirə olunur.
Əminəm ki, təkcə Rusiya Federasiyasının deyil, həm də bir sıra digər dövlətlərin, ilk növbədə MDB ölkələrinin bir çox vətəndaşları sertifikatların tanınması ilə bağlı problemin tezliklə həllinə ümid edirlər. Əmin etmək istəyirəm ki, Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində bunun üçün əlindən gələni edir.