BAKI, 26 dekabr — Sputnik. Oranı 100 ildən artıq yaşı olan kino tariximizin canlı şahidi hesab edə bilərik.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birinci mərtəbəsində yerləşən balaca, köhnə, illərlə diqqətdənkənar qalan otaqlarda klassik filmlərimizdə aktyorlarımızın geyindiyi libaslar və rekvizitlər qorunub saxlanılır.
Biz də həmin məkanı ürək ağrısı ilə ziyarət etdik. Ötən əsrin 80-ci illərindən bəri heç vaxt təmir olunmayan bu məkanla bizi çəkilişə hazırlıq şöbəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Əziz Məmmədov tanış etdi. 43 ildir ki, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərən Əziz müəllim məkan haqqında Sputnik Azərbaycan-a məlumat verib:
"Bizdə ən qədim filmlərimizdə iştirak edən aktyorların geyimləri və filmdə istifadə olunan rekvizitlər saxlanılır. Tofiq Tağızadənin 1958-ci ildə lentə aldığı "Uzaq sahillərdə" filmində Nodar Şaşıqoğlunun (Mixaylo) geyimi saxlanılıb".
Bundan başqa, həmin məkanda 1945-ci ildə rejissor Rza Təhmasibin quruluşunda lentə alınan "Arşın mal alan" filmində rol alan aktyor və aktrisalarımızın geyimləri saxlanılır. Ondan sonrakı dövrlərdə lentə alınan, 1964-cü ildə Əlisəttar Atakişiyevin çəkdiyi "Sehirli xalat" filmində uşaqların marağına səbəb olan "sehirli xalat", münəccimlərin, şahın, uşaqların da geyimləri burada saxlanılır.
Eldar Quliyevin "Babək" (1979), "Nizami" (1982) kimi filmlərindən tutmuş ta ki son dövrlər çəkilən "Dərvişin qeydləri", "Hökmdarın taleyi", "Cavad xan" və s. filmlərdə istifadə olunan geyim və rekvizitlər qorunur.
"Azərbaycanfilm" Kinostudiyasının qarderobu
© Sputnik / Shahperi Abbasova
Rəssamın dediyinə görə, burada təkcə tarixi filmlər yox, digər mövzularda da rol alan aktyorların geyimləri, əşyaları qorunub saxlanılır: "İndi də film çəkiləndə, ehtiyac olarsa, rejissorlar gəlib o geyimləri götürürlər. 43 ildir kinostudiyada quruluşçu rəssam kimi fəaliyyət göstərirəm.
Sanki bütün korifeylərin ruhu buradadır. Bütün geyimlər onların bədən ölçülərinə uyğun, əyninə tikilib. Çalışırıq ki, əlimizdən gəldiyi qədər qoruyaq. Vaxtaşırı xüsusi dərman vasitələri ilə dərmanlayırıq ki, məhv olmasın. Onları diqqətdənkənar saxlasaq, geyimlər xarab olar. Geyimlər harasa çəkilişə gedirsə, ondan sonra kimyəvi təmizləmə olur".
"Azərbaycanfilm" Kinostudiyasının qarderobu
© Sputnik / Shahperi Abbasova
Sözügedən məkanda təkcə geyimlər yox, filmlərdə istifadə olunan ən sadə rekvizitlər də qorunur.
"Azərbaycanfilm" Kinostudiyasının qarderobu
© Sputnik / Shahperi Abbasova
Əziz Məmmədovun dediyinə görə, geyimlər bir neçə il avqustun 2-də, Milli Kino Günündə Nizami kinoteatrında barəsində danışdığımız geyimlərin və rekvizitlərin nümayişi olub: "Pandemiyadan sonra çox güman ki, biz yenə o ənənəni davam etdirəcəyik. Bundan əlavə, biz kinolarımızın eskizlərini nümayiş etdiririk. Bilmiyənlər üçün söyləyim ki, film çəkilməzdən öncə, filmin quruluşçu rəssamı tərəfindən filmin eskizləri hazırlanır".
"Azərbaycanfilm" Kinostudiyasının qarderobu
© Sputnik / Shahperi Abbasova
Ə. Məmmədov təəssüf hissi ilə qeyd edir ki, bir zamanlar ölkənin ən sayılıb-seçilən sənət məbədi olan kinostudiyanın vəziyyəti bərbad durumdadır. Ona görə də geyimləri, əşyaları lazımi səviyyədə qoruya bilmirlər: "Kinostudiya təmir olunandan sonra bütün geyimlər, əşyalar öz dövrlərinə uyğun yerləşdiriləcək".