BAKI, 24 dekabr — Sputnik. Azərbaycan ərazilərinin işğaldan azad olunması bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
Onun sözlərinə görə, əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artıracaq, zəngin örüş, otlaq və yaylaq potensialı heyvandarlığın inkişafına təkan verəcək: "İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyasına əsasən aparılır.
Artıq Zəngilan rayonunda ilk "Ağıllı kənd"in inşası başa çatmaq üzrədir. Bu kənd həmin ərazilərə Qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerjiyə tələbat "Yaşıl enerji" sistemi iə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan 3 kaskadlı Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək".
Nazir deyib ki, "Ağıllı kənd"də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırlmasında istifadə ediləcək: "Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. "Ağıllı kənd"də həmçinin "Ağıllı kənd təsərrüfatı" sistemi üzrə camışçılıq ferması, "Ağıllı ictimai ferma" istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq".
O qeyd edib ki, artıq Prezidentin iştirakı ilə Füzuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci "Ağıllı kənd"in təməli qoyulub. Bu kənddə alternativ enerji həlləri məqsədilə Günəş paneli tarlası salınacaq. Kənddə ağıllı akvakultura sistemlərinin tətbiqi nəticəsində ixracyönümlü balıqçılıq və quşçuluq təsərrüfatlarının qurulması, kartofçuluq üzrə dəyər zəncirinin formalaşdırılması da nəzərdə tutulur:
"Bölgədə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı və Ağdam Sənaye Parkının fəaliyyətə başlaması aqrar emal senayesinin inkişafını təşviq edəcək. Bu Sənaye Parklarında yaradılacaq aqrar emal müəssisələri bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək".
"Mina və hərbi sursatlardan təmizlənmiş ərazilərdə payızlıq və yazlıq əkinlər aparılır. Kəlbəcər və Laçın yaylaqlarına 4 823 arı ailəsinin və 10 min başa yaxın xırdabuynuzlu heyvanın köçürülməsi təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə aidiyyatı qurumlarla birlikdə heyvan xəstəliklərindən azad zonalar yaradılır. Bölgədə taxılçılıq, pambıqçılıq, tütünçülük, üzümçülüyün inkişafı üçün də çox böyük potensial mövcuddur", - deyə o, əlavə edib
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin bölgədə aparılan bərpa-quruculuq prosesində iştirakı "Ağıllı kənd"lərin inşası ilə yekunlaşmır. Artıq faktiki əkin sahələri və bağlar barədə peyk məlumatları təhlil olunub, vektorlaşdırılaraq xəritələşdirilib.