AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ölkə prezidentinə dünyanın dörd bir yanından təbriklər gəlməyə davam edir

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin doğum günüdür.
Sputnik
Xarici ölkələrin liderləri Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edirlər.

Rusiya Prezidenti Vladimir Putindən

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Putin təbrikində yoldaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və birgə işin davam etdirilməsinə şad olacağını qeyd edib.
"Yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, məzmunlu dialoqun və Rusiya-Azərbaycan strateji partnyorluğunun bundan sonra da inkişafı naminə sıx birgə işin davam etdirilməsinə, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə şad olacam", - teleqramda deyilir.
RF rəhbəri vurğulayıb ki, Əliyev həmvətənləri arasında beynəlxalq arenada hətta ən mürəkkəb situasiyalarda belə sanballı, uzaqgörən qərar verməyə qadir, müdrik və təcrübəli dövlət xadimi kimi böyük nüfuza sahibdir.
Putin qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi, sosial və digər sahələrdə uğurlar qazanıb.

Macarıstan lideri Viktor Orbandan

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
O qeyd edib ki, gənc, lakin qədim tarixə malik bir ölkəni dünyanın ən hörmətli və tanınan ölkələrindən birinə çevirmək müstəsna istedad və qətiyyət tələb edir. Əmindir ki, ölkə Prezidenti kimi İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açıb. Çünki onun fəaliyyəti Azərbaycanı yüksəliş yoluna çıxarıb və ölkə əldə etdiyi uğurlarla beynəlxalq aləmdə tanınan nüfuz qazanıb.
Orban vurğulayıb ki, strateji tərəfdaşlıqdan başqa Macarıstan Azərbaycanı dost dövlət kimi qəbul edir. Bu müstəvidə çox şaddır ki, son illər iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə nail olublar.
"İkitərəfli münasibətlərimizin inkişafına göstərdiyiniz şəxsi sədaqətinizə görə Sizə minnətdaram. Ümid edirəm ki, gələcəkdə də etibarlı dəstəyinizə arxalana bilərəm. Xahiş edirəm, ailə üzvləriniz, dostlarınız və pərəstişkarlarınızla birlikdə 60 illik yubileyiniz münasibətilə təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, güc-qüvvət arzulayıram", - Macarıstan liderinin məktubunda deyilir.

Serbiya Prezidenti Aleksandr Vuçiçdən

Sabah Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin doğum günüdür. Dünyanın bir çox ölklərinin rəhbərləri ölkə prezidentini təbrik edib, ona ən xoş arzularını çatdırıblar.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:
“Doğum gününüz münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Sizinlə ümumi dəyərlər və qarşılıqlı hörmət ruhunda əməkdaşlığa böyük əhəmiyyət verirəm. Həm dövlətlərarası, həm şəxsi münasibətlərimizin yaxınlığı Qoşulmama Hərəkatının 60 illik yubileyinin qeyd olunması ilə bağlı birgə təşkilatçılıqda bir daha təsdiqləndi. Mənə çox xoşdur ki, Siz çıxışınızda beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü və suverenliyinə dair məsələləri xüsusi qeyd etdiniz. Bu mənada mən Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyi tanımamaqla bağlı qəti mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda bu məsələ ilə əlaqədar Serbiyanı dəstəklədiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Serbiya da öz növbəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir və Qarabağ probleminin tənzimlənməsini alqışlayır.
Hörmətli cənab Prezident, Azərbaycanla strateji tərəfdaşlıq Serbiya üçün böyük əhəmiyyət kəsb edir. Coğrafi məsafəyə baxmayaraq, bizim ölkələrimizi və xalqlarımızı ənənəvi dostluq və tərəfdaşlığın bütün sahələrdə möhkəmlənməsi üçün böyük potensial birləşdirir. Serbiya əlaqələrin daha da möhkəmlənməsinə qəti şəkildə sadiqdir. Ona görə də ümid edirəm ki, Azərbaycan ümumi məqsədlərin reallaşmasında gələcəkdə də bizim etibarlı tərəfdaşımız olaraq qalacaqdır.
Zati-aliləri, yeni görüşlər ümidi ilə xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.
Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.
Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

İordaniya Kralı II Abdullahdan

İordaniyanın Kralı II Abdullah Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz”.

Çin lideri Si Cinpindən

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Si Cinpin bildirib ki, Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin yüksəlməsi üçün birgə səy göstərməyə hazırdır.

Tanınmış dövlət xadimləri və siyasətçilərdən təbriklər

Bundan başqa, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Ukrayna Respublikasının Prezidenti Vladimir Zelenski, Tatarıstan Respublikasının Prezidenti, "Rusiya-İslam dünyası" Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov, Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik məktubu ünvanlayanlar sırasında MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da var.
Məlumat üçün bildirək ki, Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib.
Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib.
2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.