AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev ad gününü Şuşada ailə üzvləri ilə birlikdə qeyd etdi - VİDEO

Hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm.
Sputnik
ŞUŞA, 24 dekabr - Sputnik. Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər.
Dövlət başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
Sonra Prezident İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxış edib.
İlham Əliyev qeyd edib ki, son günlər ərzində ona çoxlu təbrik məktubları, təbriklər gəlir, həm xaricdən həmkarlarından, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, həm də ölkə vətəndaşlarından:
"Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq".
Həmişə deyirdim ki, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq
"Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - İlham Əliyev deyib.
O, bu gün azad Qarabağda, azad Zəngəzurda olduğumuzu xatırladıb. Qeyd edib ki, biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq.
"Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu", - İlham Əliyev bildirib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar
Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm
İlham Əliyev uzun illərdən sonra məhz bu gün Şuşada ad gününü qeyd etdiyini deyib:
"Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz sadəcə olaraq seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi", - deyə Prezident bildirib.
O əlavə edib ki, bu gün artıq azad Qarabağda, Şuşada və Hadrutda öz ad gününü qeyd edir. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edib:
"Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim".
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar
İlham Əliyev xatırladıb ki, bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyulub. Ondan sonra isə Şuşaya gəlib. Bu, onun Şuşaya bu il yeddinci səfəridir:
"Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".
Kədərlənirəm ki, atam bu günü görə bilməyib
"Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik", - İlham Əliyev deyib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada olublar
Qeyd edib ki, bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edilib: "Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir".
Ad gününü təbrik edənlərə minnətdarlığını bildirən İlham Əliyev çıxışını məşhur ifadəsi ilə bitirib:
"Əziz bacılar və qardaşlar, bütün xoş sözlərə, bütün təbriklərə görə sizə bir daha öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"