CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi apellyasiya məhkəmələrinə hakimlər təyin ediləcək

Hansı apellyasiya məhkəmələrinə hakimlər təyin edilib - Sputnik Azərbaycan-ın xəbərində.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Parlamentin iclasında apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni qaydalara görə, hər bir hakimin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə qaydalarına uyğun olaraq hakimlərin fəaliyyətinə hərtərəfli qiymət verilir. Bu il dekabr ayında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən 8 hakimin irəli çəkilməsi barədə təkliflər verilib.
Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi üzrə Hüseyn Cavid Vaqif oğlu, Oruczadə Aytən Pənah qızı, Gəncə Apellyasiya Məhkəməsi üzrə Həsənov İslam Telman oğlu, İsgəndərova Aygül Vulqar qızı, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə Məmmədov Zahid Tahir oğlu, Şəki Apellyasiya Məhkəməsi üzrə Cavadova Günay İsmayıl qızı, Şirvan Apellyasiya Məhkəməsi üzrə Abdullayev İlkin Qismət oğlu və İsmayılov Orxan Nadir oğlunun hakimliyə namizədlikləri irəli sürülüb.
Qeyd edilib ki, Məhkəmə-Hüquq Şurası 8 hakimin Apellyasiya Məhkəməsinə irəli çəkilməsi barədə Prezidentə təkliflər verib. Dövlət başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının təklifləri dəstəklənərək məsələ Milli Məclisə təqdim olunub.
Müzakirələrdən sonra Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul edilib.