CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pirotexniki maddələrə görə xəbərdarlıq edildi

Polis mayoru "xüsusi icazə"si olmadan pirotexniki vasitə satanların hansı miqdarda cərimələndiyini açıqladı.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. İnsanların sağlamlığına zərər yetirən, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələri, pirotexniki məmulatları satanlar beş min manatadək cərimə oluna bilərlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, "Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında" Azərbaycan Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanına əsasən, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib.
Bunların dövriyyəsinə isə Fövqəladə Hallar Nazirliyinin tərəfindən verilən "xüsusi icazə" əsasında yol verilir.
Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir.
Həmin maddəyə görə, bu mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə oluna bilərlər.
Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilər.