PAYTAXT XƏBƏRLƏRİ

Bakıda çoxmənzilli binalarda araşdırmalar başlayıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sakinlərdən qanunsuz pul alınmasını araşdırır.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti paytaxtda yoxlamalara başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, qurum mənzil-tikinti kooperativlərinin yeni inşa etdiyi çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətini araşdırır.
Dövlət Xidmətindən bildirilib ki, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.
Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan MTK-lara satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.