BAKI, 22 dekabr - Sputnik. Bu gecə “qara qış”, yəni böyük çillə başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olacaq.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev qeyd edir ki, bu gecə yarısı Günəş qış gündönümündə (22 dekabr) Zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Həmin vaxt ilin ən uzun gecəsidir. El arasında ona "çillə gecəsi", "şəbi-yelda", "leylət-təvil" (ilin ən uzun və qaranlıq gecəsi) də deyilir.
Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir: 40 gün böyük çi̇llə, 20 gün ki̇çi̇k çi̇llə və 30 gün də boz ay.
Qış fəsli "rəsmi olaraq" dekabrın 21-i, saat 19.59-da Azərbaycana qədəm qoyub. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur.
Dekabrın 21-də gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə olub.
Xatırladaq ki, payız gecə-gündüz bərabərliyindən (23 sentyabr) sonra Günəş tədricən taqətdən düşür (çünki Günəş cənub yarımkürəsinə keçir), sanki dərinliyə enir, uzaqlara çəkilir. Dekabrın 22-nə qədər gündüzlər qısalır, gecələr uzanır.
Sibirdə, Qazaxıstanda elə indi də 21 dekabr - Böyük Karatün gecəsi, 22 dekabr isə Nurtuğan bayramının başlanğıcı sayılır. Böyük Karatün gecəsi Böyük Qara Zülmət mənasına gəlir. Bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olması (hər il təxminən belə olur) Böyük Karatünün anlamını izah eləməyə imkan verir.
Dekabrın 22-dən isə gündüzlər uzanmağa başlayır, şimal yarımkürəsində qış başlayır. "Çillə gecəsi"ndən sonra Günəş tədricən üfüqdən yuxarı qalxır, yeniləşmiş vəziyyətə gəlir.
Qış gündönümü dekabrın 21-dən 22-nə keçən gecə baş verir, astronomik illik dövr başa çatır.
Böyük çillə hər biri 7 gündən ibarət 4 balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür.
Tarixən müxtəlif inanclar, inamlarla zənginləşsə də gecə-gündüz bərabərləşməsindən, Günəşin Oğlaq bürcünə daxil olmasından və s. aydın görünür ki, bu, astronomik, təbiət prosesləri ilə bağlıdır.
Yusif Vəzir Çəmənzəminli yazırdı: “Böyük çillə - 22 dekabr - 2 fevral (40 gün) qışın oğlan çağı (kişilik vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir. 2 - 22 fevral isə kiçik çillə, yəni qadınlar bayramıdır”.
Şimal yarımkürəsində yerləşən Azərbaycanda qədimdən çillə gecəsi, yəni Qaraqışın başladığı gün süfrələr açılar, qohum-əqrəba toplaşar, payını paylaşar, kasıbları, yetimləri sevindirərdilər, bir-birinə qarşı mehriban, səbrli olmağa çalışardılar.
Səhəngdə saxlanılan “Çillə qarpızı” kəsilər, nişanlı qıza pay verilər, ilin ən uzun gecəsində nağıllar, dastanlar söyləyərdilər.
Qarşıdan gələn uzun qışı sağ-salamat başa vurmaq, yeni əkin-biçinə, qurub-yaratmağa hazırlaşmaq, xoş niyyət və arzuların həyata keçməsi üçün ata-babalarımız mənəvi-maddi baxımdan səfərbər olunardılar.
Qədim bayramların, mərasimlərin keçirilməsində astronomik proseslər, coğrafi enlik və uzunluq, iqlim, coğrafi şərait, təsərrüfat həyatı əsas yerdə durur. Bayramların adlandırılması isə sonrakı və subyektiv məsələlərdir. Bayramların, əlamətdar günlərin fars və ya ərəbcə adlandırılması orta əsr saraylarından qaynaqlanır. Bu gün isə öz dilimizdə olan bayram adlarının, məsələn, Qaraqış, Yalquzaq, Qırovdüşən və s. unudulması və ya unutdurulması növbəti səhvlərdən biridir.