BAKI, 22 dekabr — Sputnik. Azərbaycanda boşanmaların sayı artmaqdadır və bu, xoşagəlməz dinamikadır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov Azərbaycanda qadın vəkillərin sayının da azlığı probleminə toxunub və bildirib ki, bizdə bu rəqəm 22 faizi keçmir: "Digər hüquqi peşələrdə isə bu rəqəm 20 faiz civarındadır. İran və Türkiyədə qadın vəkillərin sayı 50 faizi ötüb. Bu gün Azərbaycanda məhkəmə sədrləri ancaq kişilərdir. Onlar arasında qadın yoxdur".
O, qadınların vəzifələrdə, işlərdə irəli çəkilməsinin vacibliyini vurğulayıb.
A.Bağırov Azərbaycanda digər əsas problemə - qohum nikahları məsələsinə də toxunub və bildirib ki, bu ənənənin qalması genofondumuz üçün böyük təhlükə hesab edilir.
O, dini nikahlardan da danışıb, bildirib ki, belə ailələr dağılanda kişilərlə müqayisədə qadınlar üçün vəziyyət daha çətin olur: "Belə olan halda kişilərdən fərqli olaraq qadınlar heç nəsiz qalırlar. Düşünürəm ki, bu sahədə mübarizə genişləndirilməli və hüquqi məsuliyyət nəzərdə tutulmalıdır".
Qeyd edək ki, bu gün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri ictimaiyyətə açıqlanıb.