NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan Avropanın enerji təhlükəsizliyini necə təmin edir

Azərbaycan bəzi ölkələrin təhlükəsizliyində qoruyucu yastıq rolunu oynayır.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində qoruyucu yastıq rolunu oynayır – bu fikri çərşənbə günü AR energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən I Azərbaycan-Türkiyə Enerji Forumunda səsləndirib.
Nazirin sözlərinə görə, Avropada yaşanan enerji böhranı şəraitində TANAP və TAP kimi layihələrin əhəmiyyəti artır.
"Çünki Azərbaycanın nəhəng qaz ehtiyatları yeni mənbə kimi Avropa ölkələrinin təhlükəsizliyində qoruyucu yastıq rolunu oynayır", – deyə Şahbazov qeyd edib.
"Bu ilin 11 ayı ərzində Avropa ölkələrinə uzunmüddətli müqavilələr və spot əməliyyatları üzrə təxminən 7,3 milyard kubmetr qaz tədarük olunub. Gələn illərdə tədarükün həcmi artırılaraq 2023-cü ildə 11 milyard dollara çatdırılacaq", – deyə o bildirib.
Şahbazov Azərbaycanla Türkiyənin təhlükəsizlik, sabitlik və regional inkişafın təminatındakı rolunu da vurğulayıb.
"Birgə siyasi iradənin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanla Türkiyəni beynəlxalq enerji təhlükəsizliyinin təminatında əsas iştirakçı dövlətlərə çevirib", – deyə nazir qeyd edib.

Ölkələrin enerji əməkdaşlığı

Bununla yanaşı, Şahbazov bildirib ki, enerji əməkdaşlığı məsələləri iki ölkənin qarşılıqlı münasibətlərində mühüm rol oynayır və bu, Bakı ilə Ankaranın imzaladığı Şuşa Bəyannaməsi ilə öz təsdiqini tapıb.
Energetika naziri TANAP-ın Türkiyəyə təbii qaz tədarükündəki roluna da toxunub: "Bu ilin 11 ayı ərzində Türkiyəyə ixrac edilən 7,7 milyard kubmetr təbii qazın 5,1 milyardı TANAP-ın payına düşür".
O qeyd edib ki, ölkələr "Şahdəniz-1" layihəsi çərçivəsində təbii qaz tədarükü ilə bağlı müqaviləni yeniləyib və 2024-cü ilin sonuna qədər Ankaraya 10 milyard kubmetrdən çox qaz ixrac olunacaq.

İğdır-Naxçıvan qaz kəməri

İki ölkənin əməkdaşlığına dair məsələlərdən danışan nazir Türkiyədən Naxçıvana qaz tədarükünə də toxunub.
"Ötən ilin dekabr ayında imzalanmış sənədə əsasən, İğdırdan Naxçıvana illik gücü 500 milyon kubmetrə bərabər qaz kəməri çəkiləcək ki, onun sutkalıq qazötürmə gücü də 1,5 milyon kubmetrə çatacaq", – deyə nazir bildirib.
Türkiyənin energetika naziri Fatih Dönməz öz növbəsində SOCAR-la BOTAŞ-ın İğdırdan Naxçıvana çəkiləcək qaz kəməri ilə bağlı işləri tezliklə başa çatdıracaqlarına ümid etdiyini bildirib.
"Texniki məsələlərin həllindən sonra qısa müddət ərzində bu qaz kəməri layihəsini reallaşdırmağı planlaşdırırıq", – deyə o bildirib.
Türkiyəli nazir, həmçinin Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə qaz tədarükü ilə bağlı yeni razılaşmaların imzalandığını da xatırladıb: "Bir daha qeyd etmək istəyirəm ki, bu razılaşmalar bizi tamamilə qane edir".
Sputnik Azərbaycan xəbər verir ki, çərşənbə günü Bakıda keçirilən I Azərbaycan-Türkiyə Enerji Forumunun nəticəsi olaraq Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalanıb.
“Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu”nu, həmçinin “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Bununla yanaşı, Forum çərçivəsində
* “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”;
* “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu”;
* “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”;
* həmçinin “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokol”u imzalanıb.
İmzalanma mərasimindən sonra media nümayəndələri üçün brifinq keçirilib.