SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Usubov beynəlxalq situasiya və Azərbaycanda təhlükəsizlik haqda

Azərbaycan Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bölgənin daxilindən və kənardan təxribatlara cəhd edilir.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Özü də bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
Azərbaycan Təhlükəsizlik Şurasının katibi bildirib ki, cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də: "Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. Beynəlxalq ictimaiyyətdə buna "İlham Əliyevin reallıqları" deyirlər. Tam haqlıdırlar".

Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir

Ramil Usubov qeyd edib ki, indi Cənubi Qafqaz cənab İlham Əliyevin yaratdığı reallıqların müsbət təsiri, düzgün istiqaməti, qarşılıqlı faydalılığı, ən əsası isə möhkəm sülh və təhlükəsizlik şəraiti ilə yeni həyatına başlayır:
"Bölgəmizdə maraqları olan məlum dövlətlərin və beynəlxalq təşkilatların yaratdıqları süni əngəllərlə həlli uzanan münaqişələrdən birinin belə yüksək peşəkarlıqla və qısa müddətdə nizamlanması, şübhəsiz ki, regionda yeni situasiya yaradır. Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir".
Onun fikrincə, bölgədə maraqları olan məlum dövlətlərin və beynəlxalq təşkilatların yaratdıqları süni əngəllərlə həlli uzanan münaqişələrdən birinin belə yüksək peşəkarlıqla və qısa müddətdə nizamlanması, şübhəsiz ki, regionda yeni situasiya yaradır: "Bu situasiya təhlükəsizlikdən iqtisadiyyatadək, demək olar ki, bütün sahələri əhatə edir. Müzəffər Ali Baş Komandan tarixi ədaləti və beynəlxalq hüququn onilliklərlə pozulan əsas müddəalarını öz qüdrəti ilə, millətinin və Silahlı Qüvvələrinin gücü ilə bərpa etdi, bu prosesin gedişində görünən və görünməyən kənar müdaxilələri, təsirləri qətiyyətlə neytrallaşdırdı, bacarıqla dəf etdi.

Tərəflər öhdəliklərinə əməl etməlidirlər

R.Usubovun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il Bəyanatı, həmçinin bu ilin yanvarında Moskvada, noyabrda Soçidə, daha sonra bu günlərdə Brüsseldə qəbul edilən sənədlər, orada əks olunan müddəalar artıq tam həll olunmuş, bitmiş münaqişənin sonrakı mərhələsi üçün yeganə "yol xəritəsi"dir:
"Tərəflər öhdəliklərinə əməl etməlidirlər, necə ki, Azərbaycan bunu həyata keçirir. Moskvada hökumət təmsilçiləri arasında aparılan üçtərəfli danışıqlar da bu prosesi, əsasən, tənzimləyir. Elə son Soçi və Brüssel görüşləri də sübut etdi ki, Prezident İlham Əliyevin hərbi zəfəri diplomatik cəbhədə uğurla davam edir və maneələrə, təxribatlara baxmayaraq, Azərbaycanın yeni reallıqları ilə xarici ölkələr, beynəlxalq təşkilatlar birmənalı hesablaşırlar".
"Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Qarabağda əvvəllər yaşayan erməni sakinləri üçün də hər cür imkan yaradılacaq, onların sosial şəraiti, məşğulluğu təmin olunacaq, təhlükəsizliklərinə təminat veriləcək. Cənab İlham Əliyevin sözünün imzası qədər dəqiq və dürüst olduğunu erməni xalqı yaxşı bilir, ən azı öz gerçək tarixlərində buna dəfələrlə şahid olublar", - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.