SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Türkiyə və Gürcüstandan olan nazirləri qəbul etdi

Prezidenti İlham Əliyev Türkiyənın energetika və təbii sərvətlər naziri Fatih Dönməz və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.
Nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.
Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.
Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.
Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.