BAKI, 21 dekabr — Sputnik. Bakıda iti ilə taksi xidməti göstərən sürücünün bu addımı sosial şəbəkələrdə böyük marağa səbəb olub. Müştərilərdən birinin bu barədə sosial platformada etdiyi paylaşım hər kəsin diqqətini çəkib.
Sərnişin Fərid Rzayev sosial şəbəkə hesabında yazıb ki, bu günlərdə internetlə taksi sifariş etdikdən sonra taksiyə əyləşərkən qəribə mənzərə ilə rastlaşıb. O, avtomobildə taksi sürücüsü ilə yanaşı, pəncərədən ətrafa boylanan balaca bir it görüb. Heyvanın avtomobildə olması ilə maraqlanan sərnişinin aldığı cavab isə ürəkləri riqqətə gətirib.
Sən demə, "Tetti" adlı iti bir neçə həftə öncə sərnişinlərdən biri azdırmaq məqsədilə taksiyə mindirib. Həmin sərnişinin iti küçəyə atmaq məqsədini anlayan taksi sürücüsü Nurxan isə buna imkan verməyib. Taksi sürücüsü iti sahiblənərək onun küçəyə atılmasının qarşısını alıb. Sürücü elə həmin gündən bütün sifarişlərə iti ilə birgə gedir. Sosial şəbəkə istifadəçiləri tərəfindən taksi sürücüsünün bu addımı təqdir edilib.
Sputnik Azərbaycan geniş oxucu kütləsinin marağını nəzərə alaraq paytaxtda iti ilə birgə taksi xidməti göstərən sürücü Nurxan Məmmədli ilə görüşüb.
N.Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq üç həftədir ki, balacaq "Tetti" onun yol yoldaşıdır.
Üç aydan çoxdur ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Nurxanla balaca "Tetti"ni isə qəribə tale yolu birləşdirib. Əvvəllər mebel ustası işləyən N.Məmmədli bir müddət öncə cərrahi əməliyyat keçirdiyindən peşəsində çalışa bilməyib. O, məcbur taksi fəaliyyətinə başlayıb. Üç həftə öncə isə taksi sifarişi verərkən avtomobilə bir qadınla özü ilə yanaşı, it də mindirib.
Qaranlıq küçələrin birində sərnişin qadın sürücüyə avtomobili saxlamağını xahiş edib. Bundan sonra sərnişin avtomobilin qapısını açaraq iti küçəyə buraxıb. Sərnişinin iti küçəyə atmaq məqsədini anlayan Nurxan dərhal bunun qarşısını alıb:
"Saat 8-9 radələri olardı. Babək prospektində sərnişin qadın mənə avtomobili saxlamağı xahiş etdikdə mən elə bildim ki, iti bayıra çıxartmaq üçün bunu xahiş edir. İti küçəyə atmaq istədiyini anlayan kimi buna imkan vermədim. Axı bu it həmişə evdə bəslənmiş bir itdir. Onu gecənin qaranlığında küçəyə atmaq, taleyin ümidinə buraxmaq kimi bir şeydir".
Nurxan Məmmədli
© Sputnik / Murad Orujov
N.Məmmədli bildirib ki, sahibinin iti atmasının səbəbini soruşmayıb. Həmsöhbətimiz deyir ki, taksi sürücüsü işlədiyindən itə baxa bilməyəcəyini anlayıb itə yeni sahib tapıb. Amma üç gün keçməmiş it Nurxansız qalmadığından, iti sahiblənən şəxs onu taksi sürücüsünə geri qaytarıb. Sabahı gün iti baytara göstərərək lazımi peyvəndlərini etdirib. Onun sözlərinə görə, sahibləndiyi itin 5 aylıq olduğunu da ona baytar həkim söyləyib.
N.Məmmədli deyir ki, "Tetti" adını itə özü qoyub. İndi bir dəqiqə belə ondan ayrılmayan itin əvvəlki adı isə "Elya" olub: "Sahibi qadın olduğundan, itə qız adı qomuşdu. Amma it erkək olduğundan mən onun adını dəyişib "Tetti" qoydum".
Nurxan Məmmədli iti ilə
© Sputnik / Murad Orujov
N.Məmmədli itlə birgə çalışmağın asan olmadığını da etiraf edir. Onun sözlərinə görə, sərnişinlər arasında it olan taksiyə minməkdən imtina edənlər də tapılır: "Mən taksi sifariş verən müştərilərimə əvvəlcədən məlumat verirəm ki, avtomobildə balaca bir it var. Əksər hissəsi etiraz etmir. Amma buna görə sifarişi ləğv edənlər də az olmur. Amma belə olsa belə, mən itimi evdə tək qoya bilmərəm. Çünki evdə ona baxacaq kimsə yoxdur".
Sürücü bu səbəbdən onun şirkətdə də reytinqinin aşağı düşdüyünü söyləyir. Amma N.Məmmədli bütün bunlara rəğmən "Tetti"ni tək qoymağı ağlından belə keçirmir. Hətta itə görə sürücü birgə kirayə qaldığı yoldaşlarından da ayrılmalı olub: "Yoldaşlarımla birgə "Gənclik" metrostansiyasının yaxınlığında kirayə qalırdım. Dostlarım itin evdə qalmasına narazılıq etdilər. Mən də məcbur qalıb Mehdiabadda ucuz kirayə ev tapıb orada yaşayıram".
Nurxan Məmmədlinin iti
© Sputnik / Murad Orujov
Günün 6 saatını sükan arxasında olan Nurxan "Tetti"yə qayğısını iş saatında da əsirgəmir. Ona verilmiş istirahət müddətində itini yedirdir. N.Məmmədli deyir ki, it qətiyyən sərnişinlər üçün problem yaratmır. O, avtomobilin salonunda ayaq altında yatır. Yalnız sərnişinlərdən kimsə ona nəvaziş göstərərsə, reaksiya verir".
N.Məmmədli deyir ki, avtomobildə it gəzdirdiyi üçün ondan çalışdığı şirkətə şikayət olub. Amma bunlara rəğmən Nurxan balaca "Tetti"ni tərk etmək fikrində deyil. Hətta taksi sürücüsü yol polisindən də ehtiyatlandığını, yolda polis görən kimi iti gizlətdiyini söyləyir.
Nurxan Məmmədli iti ilə
© Sputnik / Murad Orujov
N.Məmmədli ev heyvanlarını uşaqlıqdan çox sevdiyini söyləyir. Onun sözlərinə görə, indiyədək tülkü, siçan, pişik saxlayıb. Pişiyi öldükdən sonra bir daha heyvan saxlamayacağına söz versə də, "Tetti"nin küçəyə atılmasına ürəyi dözməyib.
Əslən Naxçıvandan olan 24 yaşlı Nurxan hazırda ona gələn iş təkliflərinin də çoxuna "Tetti"yə görə yox deyir. Balaca "Tetti"ni öz balası kimi sevdiyini söyləyən taksi sürücüsü onu küçəyə atmağı təsəvvürünə belə gətirmədiyini söyləyir. Deyir ki, qazancından öz yeməyinə xərclədiyi qədər də "Tetti"yə xərcləyir: "İnsan öz körpəsini necə ata bilər? "Tetti" də mənə övladım qədər doğmadır. Bu günlərdə restorandan yaxşı iş təklifi aldım. "Tetti"yə baxan olmadığından, bu təklifi qəbul etmədim".