İQTİSADİYYAT

Baş nazirdən yeni qayda: Neçə manata elektron satınalmalarda iştirak etmək olar?

Baş nazir Əli Əsədovun imzaladığı qayda elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsini və iştirak haqqından yığılan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. "Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası" təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda dövlət satınalmalarının vahid internet portalında açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsini və iştirak haqqından yığılan vəsaitdən istifadə qaydasını müəyyən edir.
Bu Qayda ilə satınalmaların həyata keçirilməsi üçün iştirak haqlarından daxil olan vəsait İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaiti hesab olunur.
Vəsaitdən dövlət satınalmalarının vahid internet portalını istismar etmək, təkmilləşdirmək və saxlamaq, internet portalının təhlükəsizliyini, digər dövlət qurumları ilə inteqrasiyasını, İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək, elmi-texniki potensialını artırmaq və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.
Elektron satınalmalarda iştirak haqqının məbləği
Tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən aşağıdakı məbləğlərdə iştirak haqqı ödənilir:
1. Kotirovka sorğusu - 100 manat
2. Ehtimal olunan qiyməti (yuxarı hədlər daxil
olmaqla) elan edilmiş açıq tenderlər:
50.000 manatadək 100 manat,
50.000 manatdan 100.000 manatadək 150 manat,
100.000 manatdan 200.000 manatadək 250 manat,
200.000 manatdan 500.000 manatadək 350 manat,
500.000 manatdan 1.000.000 manatadək 450 manat,
1.000.000 manatdan 2.000.000 manatadək 600 manat,
2.000.000 manatdan 4.000.000 manatadək 1000 manat,
4.000.000 manatdan 3.000.000 ABŞ dollarının manat ekvivalentində olan məbləğədək 1500 manat.
Ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.