RUSİYA

Rusiya aviaşirkətləri Qarabağa uçuş həyata keçirmək üçün icazə alıblar

"Azur Air", "Severniy veter" (Şimal küləyi), "İrAero" aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirməyə icazə verilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi (Rosaviasiya) Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 aviareysin həyata keçirilməsi üçün üç aviaşirkətə icazə verib.
İclasın yekunlarına əsasən "Azur Air", "Severniy veter" (Şimal küləyi), "İrAero" aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirməyə icazə verilib.
"Rosaviasiya"nın qərarına əsasən "İrAero" şirkəti hər birinə həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reysləri həyata keçirəcək.
Bundan əlavə, "Azur Air" şirkəti Rusiyanın dörd şəhərindən - Samara, Rostov, Krasnodar və Kazan - Bakıya aviareyslər həyata keçirmək imkanı əldə edib. Bu reyslər də həftədə iki dəfə həyata keçiriləcək.
"Severniy veter" şirkəti isə həftədə 7 dəfə Soçi-Bakı aviareysini həyata keçirməyə icazə alıb.
Həmçinin, agentliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, icazələrin verilməsi haqqında qərar göstərilən beynəlxalq marşrutlar üzrə reyslərin bərpası üçün əsas deyil. Aviaşirkət verilən icazədən uçuşların bərpa olunmasından sonra istifadə edə biləcək.
Füzuli Beynəlxalq Hava Limanı — Azərbaycanın Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanıdır. 16 oktyabr 2021-ci ildə Azərbaycan Baş Nazirinin sərəncamı ilə hava limanına beynəlxalq status verilib. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və təyyarəsi birbaşa hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.