CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gorus-Qafan yolunda SOCAR-ın YDM-i və DSX postunun binası açıldı

Qubadlı rayonunun Eyvazlı kəndində fəaliyyətə başlayan SOCAR-ın yanacaqdoldurma məntəqəsinin prezidenti Rövnəq Abdullayev iştirak edib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Dövlət Neft Şirkətinin (SOCAR) Gorus-Qafan yolundakı yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı olub.
Sputnik Azərbaycan xəbər verir ki, məntəqə Qubadlı rayonunun Eyvazlı kəndində fəaliyyət göstərir.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.
Artıq sosial şəbəkə istifadəçiləri SOCAR-ın Gorus-Qafan yolundakı yeni yanacaqdoldurma məntəqəsinə maşına yanacaq vurmaq üçün yaxınlaşan İran TIR-larının fotolar paylaşıblar.
SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin açılışı
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonu ərazisində yerləşən "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasının da açılışı olub.
Məntəqə müasir avadanlıqlarla təchiz edilib. DSX-nin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Məşədiyev bildirib ki, "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb:
"Biz hazırda Qubadlı rayonu Eyvazlı kəndində yerləşən, Gorus-Qafan yolu üzərində yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Buraxılış məntəqəsində DSX-nin və dövlət gömrük komitəsinin əməkdaşlarının xidməti şəraitinin yüksəldilməsi üçün yeni təmirdən çıxmış inzibati binanın istifadə edilməsi prosesində iştirak edirik. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Gördüyümüz bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimeter boyunca təşkil olunur".
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 10-da İctimai TV-yə müsahibəsində Azərbaycan noyabrın 11-dən Gorus-Qafan avtomobil yolunda gömrük postları quracağını demişdi.
"Bu gün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, 00:00-dan Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirəcək, yəni nəzarət-buraxılış məntəqələri quracaq", - Qriqoryan deyib.
Onun sözlərinə görə, erməni tərəfi cavab addımları ataraq gömrük məntəqələri quracaq. Əlavə edib ki, işlər artıq başlayıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başlayıb. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Həmçinin, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.