BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda demişdi ki, erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmunu çox vacibdir.
O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük:
"İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Təbii ki, bütün bunları bir gün ərzində həll ediləcək məsələ deyil. Amma biz bu işə dərhal başlamalıyıq ki, uzunmüddətli dövrə artıq keçək. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".
Qeyd edək ki, uzun müddətdir ki, Azərbaycanda 12 illik təhsilə keçid məsələsi müzakirə olunub. Təhsil ekspertləri də bununla bağlı təkliflərini irəli sürüblər. Onlar bildirirdilər ki, uşaq bağçaları uşaqları məktəbəqədər təhsil prosesinə hazırladığı üçün onların icra hakimiyyətlərinin tabeliyində olması düzgün deyil. Ayrıca, təhsil müəssisələri 1-ci sinfə uşaq bağçalarından gələn uşaqların məktəbə hazırlıq səviyyəsinin yetərli olmadığını bildirirdilər.
Bundan əlavə, icra hakimiyyətlərinin uşaq bağçalarını uşaqların sağlamlığına, zehni inkişafına müsbət təsir edəcək qidalarla təchiz etmədiyi də Azərbaycanda müzakirə olunan əsas mövzulardan idi.
Həmçinin oxuyun:
Uşaq bağçalarının fəaliyyəti davam etdiriləcək - Təhsil naziri
Bakıda bağçalar belə fəaliyyətə başladı