HADİSƏ

Qaş düzəldən yerdə göz çıxardılar - Bərdədə yanğının səbəbi

Ötən gecə Bərdədə ticarət obyektlərində baş verən yanğına səbəb ərazidə xəzəlin yandırılması, daha sonra ərazinin nəzarətsiz buraxılması olub.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Bərdədə ticarət obyektlərində yanğın baş verib. Yanğın şəhərin Koroğlu küçəsində qeydə alınıb. Hadisə şahidləri Sputnik Azərbaycan-a bildiriblər ki, ticarət obyektinin dam örtüyündə başlayan yanğın qısa bir zamanda qonşu obyektlərində dam örtüyünə keçib. Əraziyə FHN-nin Bərdə yanğından mühavizə hissəsinin 3 yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Alov çətinliklə də olsa ram edilib. Yanğının digər obyektlərə keçməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülsə də, 5 sahibkara məxsus obyektin dam örtüyü tamamilə yanaraq sıradan çıxıb. Zərərçəkən Rəşad Nəbiyev Sputnik Azərbaycan-a müsahibəsində faktın səhlənkarlıq səbəbindən baş verdiyini bildirib.
Bərdədə yanğın baş verən ticarət obyekti

“Mağazaların arxasında çinar ağacları var. Onların yarpaqları tökülüb yerə, quruyub. Oranı təmizləmək üçün xəzəli yandırıblar. Alov da, tam sönməyib, külək vurub salıb mağazanın damına, mağaza yanıb”.

Zərərçəkənin sözlərinə görə onlar əvvəlcədən tədbir görsə də kiçik bir diqqətsizlik bu cür fəsadla nəticələnib. Belə ki, mağaza sahibləri obyekti bağlayıb evə yollanarkən xəzəlin söndüyündən əmin olub. Amma onlar gedəndən sonra xəzəl yenidən alovlanıb və yanğın ərazidə olan obyektlərə keçib.
Bərdədə yanğın baş verən ticarət obyekti
“Mağazaların yanmağının səbəbi arxa tərəfdəki xəzəlin yandırılması olub. Hadisədən 2-3 saat əvvəl arxa hissədə gördük xəzəl yanır, söndürüb getdik evə. O da tam sönməyib. Yenidən alışıb ordan da gəlib dükanın damına keçib. Nəticədə kiminsə səhlənkarlığı ucbatından 5 mağaza yandı. Hadisə baş verən vaxt mən evdə idim qonşu zəng elədi ki, mağazalar yanır. Gəldim ki, mənim dükanımın da damı tamamilə yanıb. İçərisindən hələ xəbərim yoxdur. Təhlükəsizlik baxımından içəriyə girə bilmirik. Amma xeyli ziyan dəyib”.
Qeyd edək ki, yanğın nəticəsində 5 ticarət obyektinin dam örtüyü yanaraq sıradan çıxıb. Ümumilikdə isə yanğın 120 kvadrat metr ərazini əhatə edib. Hazırda baş verən hadisənin dəqiq səbəbləri araşdırılır.