NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Omikron Azərbaycanın da "qara qızıl"ına düşmən kəsilib

Omikron ştammı ilə bağlı xəbərlər bazarı bir qədər sakitləşdirsə də, ümumilikdə neft bazarında qiymətlər hələ də dəyişkən olaraq qalır.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,60 dollar azalaraq 75,50 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,50 dollar azalaraq 73,52 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,52 dollar ucuzlaşaraq 70,86 dollar olub.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının güman ediləndən daha çox azalmasına dair xəbərlər, habelə dünyada koronavirusa yoluxmaların artımı üzündən neftə tələbat proqnozlarının azalması bazara təsir edib.
Koronavirusa qarşı mövcud olan vaksinlərin Omikrona qarşı, bir qədər az olsa da, təsirli olacağını deməyə əsas var. Bu bazarı bir qədər sakitləşdirdi, lakin ümumilikdə neft bazarında qiymətlər hələ də dəyişkən olaraq qalır.
Dünya iqtisadiyyatının bərpası sürətinə Omikronun mənfi təsir edəcəyi ilə bağlı ehtimallar fonunda investorlar proqnozları ehtiyatla dəyərləndirirlər.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib.