BAKI, 17 dekabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev son günlər Azərbaycanda fəaliyyət göstərən məktəblərdə baş verən neqativ hallarla bağlı məsələlərə münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda 4400-dən çox məktəb, 150 min müəllim, 1 milyon 600 min şagird və təxminən bu qədər də valideyn var. Çoxmilyonluq qrupda mütəmadi olaraq hər hansı neqativ hallar olur.
"Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olan zaman Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Son illər ərzində açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb. Sistem o qədər böyükdür ki, hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konflikt olacaq. Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur", - nazir deyib.
"Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il bir neçə onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir. Bu, davamlı prosesdir. Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var", - nazir əlavə edib.
Nazir qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Məktəb kifayət qədər mürəkkəbdir və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırılmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".
E.Əmrullayev həmçinin son illərdə Müəllimlərin İşə Qəbulu imtahanlarının nəticəsinə də toxunub. O bildirib ki, işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm üç dəfə artırılıb.
Onun sözlərinə görə, bu, daha artıq rəqabət qabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb.
Nazir bildirib ki, ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər dörd nəfərdən biri müəllimlik ixtisasını seçir: "Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimindən olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri var. Son illərdə mümkün reallıqlar çərçivəsində ADPU daha keyfiyyətli kadr hazırlığı baxımından böyük işlər görüb. Bu universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə MİQ vasitəsilə işə qəbul olurlar".
E.Əmrullayev əlavə edib ki, torpaqlarımız işğaldan azad olunub və ADPU məzunlarının bir qismi fəaliyyətini həmin yerlərdə davam etdirəcəklər.
Qeyd edək ki, son günlər məktəblərlə bağlı arzuolunmaz xəbərlər yayılır. Jurnalist Həbibə Abdulla öz feysbuk səhifəsində 67 saylı orta məktəbdə fond pulu yığıldığı ilə bağlı post paylaşaraq qızını məktəbə göndərməmək qərarına gəldiyini bildirmişdi. Bundan sonra feysbuk sosial şəbəkəsində Bakının Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu iddia olunan səs yazısı yayılıb.
Hər iki məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib. BŞTİ-dən verilən açıqlamada qeyd olunub ki, Valideyn-Müəllim Assosiasiyasına üzvlük haqqı yığılması ilə bağlı BŞTİ tərəfindən araşdırma aparılıb. Məktəbin 3b sinfinin 20-25 nəfər valideyni ilə aparılmış sorğu zamanı həmin valideynlərdən 10 nəfərin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası üçün nəzərdə tutulmuş aylıq bir manat üzvlük haqqını ödəməkdən imtina etdikləri və heç zaman ödəmədikləri müəyyən edilib.
Şifahi sorğuda iştirak edən digər valideynlər isə üzvlük haqqının ödənilməsi ilə bağlı etirazlarını bildirməyiblər. Eyni zamanda, həmin sinif şagirdlərinin valideynlərindən məcburi qaydada AVMA üçün üzvlük haqqının tələb olunması, habelə məktəb rəhbərliyi və müəllimlərin bu məsələyə müdaxilə etməsi halları müəyyən edilməyib.
Həmçinin, BŞTİ mətbuata açıqlamasında yayılmış səs yazısının araşdırıldığını qeyd edib:
"Paytaxtdakı 189-190 nömrəli tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".