BAKI, 16 dekabr — Sputnik. Fındıq Azərbaycandan Avropaya yalnız Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti əsasında ixrac olunacaq. İndiyədək isə ölkəmizdən Avropaya göndərilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi. Başqa sözlə, bundan sonra məhsulun hər partiyası müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin zəmanəti əsasında Avropaya göndəriləcək.
Bəs maraqlıdır, bu addım Azərbaycanda fındıq istehsalının və ixracının artırılmasına, qiymətlərə öz təsirini göstərəcəkmi?
"Fındığı birbaşa Avropaya sata biləriksə, ixrac qiymətləri avtomatik qalxacaq"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu addım ölkəmizdə fındığın istehsalına və ixracına təsir edə bilər: "Əvvəllər Avropaya fındıq üzrə birbaşa çıxışımız yox idi. Bizim fındıq yığılıb Türkiyəyə göndərilirdi və oradan satılırdı. İtaliyanın məşhur şokolad və digər qənnadı məmulatları istehsalçısı olan "Ferrero" şirkətinin Türkiyədə tədarük məntəqələri var idi və kəndlilərdən ucuz qiymətə fındığı almağa çalışırdı. Kəndlilər də şikayət edirdilər ki, İtaliya şirkəti aşağı qiymətə bizdən fındığı alır və onlara satmaq sərf etmir. Bundan sonra isə Türkiyədə regional mərkəzlər yaradıldı və dövlət özü kəndliyə sərf edən qiymətə fındığı almağa başladı. İndi dövlət "Ferrero" şirkətinə fındığı özü satır. "Ferrero" şirkəti isə baha qiymətə olsa da fındığı almağa məcburdur, çünki iri istehsalçı şirkətdir. Biz fındığı birbaşa Avropaya sata biləriksə, ixrac qiymətləri avtomatik qalxacaq".
"Qiymət 5 manatdan aşağı düşməsə fermer üçün onu əkmək maraqlı olar"
"Lakin bəzi fermerlərə fındıq əkmək sərf etmir, çünki gec və az məhsul verən bitkidir. Amma qiymət qalxarsa, fındıq bağları arta bilər. Bir ay öncə fındığın kiloqramı 5 manata yaxın idi, indi isə 3 manat 50 qəpik-3 manat 75 qəpik civarındadır. Amma ötən illərə görə hazırki qiymətlər yaxşıdır, əvvəllər qiymət ən çox 3 manat 50 qəpik olub. Məhsul təzə çıxanda qiymət baha olur, sonra bazarda məhsul çoxalanda qiymət aşağı düşür. Əgər qiymət 5 manatdan aşağı düşməsə, fermer üçün onu əkmək maraqlı olar. Gec məhsul verən bitkiləri (nar, zeytun və s.) əkənlərə dövlət tərəfindən subsidiya verilir ki, bunlara maraq artsın", - deyə ekspert bildirib.
11 ayda fındıq ixracı 17 min ton olub
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan fındıq ixracı natural ifadədə 1.3% artaraq 17.0 min ton olub. Dəyər ifadəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3% azalaraq 97.8 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin 11 ayı ərzində ölkədən fındıq ixracının 46.0%-i Rusiyanın, 28.3%-i İtaliyanın, 15.3%-i Almaniyanın, 2.6%-i Qazaxıstanın, 7.7%-i isə digər ölkələrin payına düşüb.
AQTA ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib
AQTA-nın məlumatına görə, hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. AQTA fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib.
Görülən tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına (Aİ) ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydaların sadələşdirilməsinə zəmin yaradıb.
Aİ-nin 2019-cu ildə müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.
Görülən işlərin və həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Avropa İttifaqı Agentlik tərəfindən həyata keçirilən nəzarət sistemini yüksək qiymətləndirib.
Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib.
Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.
Bundan sonra məhsulun hər partiyası laborator müayinə edilməyəcək
Bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.
2020-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.4 dəfə artıb
Qeyd edək ki, 2020-ci ilin məlumatına əsasən, Azərbaycanda fındıq bağlarının sahəsi 79.6 min hektar olub. 2020-ci ildə fındıq bağlarının sahəsi 2015-ci ilə nisbətən 2.4 dəfə, 2019-cu ilə nisbətən 0.1% artıb. Mövcud bağların 44.5 min hektarı və ya 55.9%-i barverən yaşdadır.
2020-ci ildə cəmi fındıq bağlarının 25.3%-i Zaqatalada, 13.2%-i Balakəndə, 12.8%-i Qaxda, 12.3%-i Xaçmazda, 9.0%-i Qəbələdə, 8.1%-i Qusarda, 5.3%-i Oğuzda və 4.9%-i Şəkidə olmaqla, ümumilikdə 90.0%-dən çoxu 8 rayonun payına düşüb.
2020-ci ildə fındıq istehsalı 2015-ci ilə nisbətən 51.8% artıb, 2019-cu ilə nisbətən isə 8.0% azalaraq 49.5 min ton olub.
Fındığın qiyməti 6.25-6.50 AZN arasında dəyişib
2018-2020-ci illərdə quru fındığın 1 kiloqramının orta topdan satış qiyməti 3.00-6.22 AZN, 2021-ci ilin yanvar-mart aylarında isə 6.25-6.50 AZN arasında dəyişib.
2022-ci il üçün subsidiya
Xatırladaq ki, 2022-ci ildə boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Qarşıdakı mövsümdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Fındıq bağının sığortalanması qaydası
Fındıq
© Sputnik / Shahperi Abbasova
Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir. Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür.
Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür. Məsələn, məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı Quba-Xaçmaz regionunda - təqribən 60 manatdır. Bundan fermerin ödədiyi 30 manat, dövlətin ödədiyi məbləğ 30 manatdır. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Həmçinin oxuyun: