BAKI, 17 dekabr — Sputnik. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.
Qeyd edək ki, kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur.
Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?
Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır. Ekspertlər deyirlər ki, inək südündən hazırlanmış təbii yağı ilk növbədə onun qiymətinə əsasən müəyyən etmək olur. Bu yağlar bütün digər əvəzedicilərdən bahadır. Qiymət məsələsində şübhəni aradan qaldırdıqdan sonra isə mağazada yağı yoxlamaq üçün bunlara diqqət edin:
- məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ;
- təbii kərə yağı toxunduqda möhkəm olmalıdır;
- inək yağı paketini açdıqda paketə bulaşmır. Həmçinin də kəsəndə bıçağa yapışmır, bıçaqda qalmır.
Yağın saxta olduğunu ev şəraitində də müəyyən etmək olar:
- əgər təbii yağdırsa, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir;
- təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə, əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi tezcə yumşalmır.
Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.
- keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur.
- kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.
- əsl kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.
Xatırladaq ki, ölkəmizə kərə yağı əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Hazırda satışda 70-80 faiz yağlılığı olan kərə yağlarının bir kiloqramının qiyməti 17 manatdan aşağı deyil.