SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidentinin Ermənistanda nasizmlə bağlı fikri BMT-də dəstəkləndi

Bitərəf qalanlar sırasında Türkiyə, Gürcüstan, Moldova, Böyük Britaniya və Avropa İttifaqı ölkələri olub.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü "Nasizm, neonasizm və irqçiliyin müasir formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün qızışdırılmasına yol açan digər təcrübələrin tərənnümünə qarşı mübarizə" haqqında qətnaməni qəbul edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, sənədin lehinə 130 ölkə səs verib, 49 ölkə bitərəf qalıb, yalnız ABŞ və Ukrayna əleyhinə çıxıb. Azərbaycan və Ermənistan Rusiyanın qətnaməsini dəstəkləyib. Bitərəf qalanlar sırasında Türkiyə, Gürcüstan, Moldova, Böyük Britaniya və Avropa İttifaqı ölkələri olub.
Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın nasizm siyasətindən danışıb. Prezident bildirib ki, Ermənistanda mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib.
"Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub", - deyə Azərbaycan Prezidenti bildirib.
Prezident bildirib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib:
“Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir”.