Zamanında "xuliqan" adlandırılan dahi musiqiçi - VİDEO
Vaqif həyatdan köçəndə "Amerikanın səsi" radiosu "Sovet İttifaqında "Cazın tanınmamış Allahı" dünyasını dəyişib" — deyə xəbər verdi.
SputnikBAKI, 16 dekabr — Sputnik. Onu Azərbaycan caz musiqisinin banisi,
Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. Söhbət
Vaqif Mustafazadədən gedir. Bu gün onun ölümündən 42 il keçir. Bir sıra mədəniyyət adamları Vaqiflə bağlı xatirələrini
Sputnik Azərbaycan-la bölüşüblər.
Tanınmış rəssam Azər Səfərov gənclik illərində musiqi ilə məşğul olub. Gəncliyində simaca Vaqifə bənzəyən Səfərov tanınmış cazmenlə görüşündən söhbət açıb:
"Mənim musiqiyə çox böyük marağım var idi. Biz bir neçə nəfərdən ibarət ansambl yaratdıq. Sovet dönəmində belə idi, ansambl hansısa quruma bağlı olmalı idi. Biz də "Azərnəşr"ə bağlı idik. Bizə dedilər ki, sizə zal veririk, sizdən icarə haqqı almırıq, əvəzində siz bizim zalımızda xüsusi günlərdə konsert verəcəksiniz. Biz də razılaşdıq. Vaqif Mustafazadə də ora gəlib-gedirdi. Bir gün səs eşitdi, gəldi bizimlə tanış olmağa. Mənə dedi ki, sən mənə oxşayırsan. Barmaqların da mənim barmaqlarıma oxşayır. Mənə həmişə deyirdi ki, musiqini davam etsən, sənin gələcəyin çox gözəl olacaq".
O dönəmlərdə gənc qızlar Azər Səfərovu Vaqif sanırmışlar. Hətta ondan avtoqraf da istəyirmişlər:
"Qızlar da elə bilirdilər ki, mən Vaqifəm. Gəlib məndən avtoqraf alırdılar. Sonra biləndə ki, mən Vaqif deyiləm, pərt olurdular. Bəzən də heç Vaqif olmadığımı demirdim".
Vaqif Mustafazadə xanımı Eliza Mustafazadə ilə 1971-ci ilin noyabr 1-də "Sevil" vokal-instrumental ansamblını yaradır. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərliyi həyata keçirirdi. Qrupun üzvlərindən biri də Rəna Talıbovadır. Rəna Talıbova 1975-ci ildə qrupa qatılır. Xanım Talıbova o günləri belə xatırlayır:
"Həmin il Vaqif Mustafazadə diski yazdırmaq üçün Moskvaya getmişdi. Həyat yoldaşı Eliza Mustafazadəyə ansambl üçün yeni ifaçı tapmağı tapşırmışdı. O, Konservatoriyaya, musiqi məktəbinə baxıb, amma onu qane edən insanı tapa bilmədiyindən Bülbül adına məktəbə gəlməyə qərar verib".
"Sevil" qızlar ansamblında ifa etmək həmin dönəmlərdə əksər qızların arzusu idi. Rəna xanımın da bu qrupa daxil olmaq ən böyük arzusu olub:
"Həmin gün məktəbdə deyildim. Eliza xanım bir neçə gənc ifaçını yoxladı, amma heç birini bəyənməyib. Sonra sinif yoldaşım Eliza xanıma mənim haqqımda danışıb. Ona mənim telefon nömrəmi verib. Elza xanım digər ifaçılarla birlikdə məni yoxlayıb evinə dəvət etdi. Onda bu ansambla daxil olmaq üçün təkcə istedad yox, həm də peşəkar ifaçı olmaq lazım idi".
Onların nəzərində Vaqif "Musiqi Tanrısı" idi, amma buna baxmayaraq, çox məsuliyyətli idi. Punktual olmayan insanları sevmirdi:
"O, əvəzsiz insani keyfiyyətlərə malik idi. Vaqif müəllim gah çox zarafat edir, gah da çox ciddi danışırdı. Həmişə deyirdi ki, bir istedadla irəli getmək olmaz. Hər şey bərabər bölünməlidir, yəni 50% istedad, 50% əməkdir. Hər zaman öz üzərində işləməlisən. O, bizimlə çox mehriban idi".
İnsanlar əksər hallarda yenilikləri qəbul etmək istəmirlər. Vaqifin gənc olduğu dönəmlərdə nə onun sənəti, nə də imici qəbul olunurdu. Dahi cazmeni "xuliqan" adlandırmaqdan da çəkinmirdilər. Xalq artisti Cavan Zeynallı Vaqiflə bağlı bəzi xatirələrini dilə gətirib:
"Ötən əsrin 60-cı illərində Vaqif Mustafazadə Milli Konservatoriyaya gəlirdi, caz çalırdı. Vaqif Konservatoriyanın tələbəsi deyildi. O gələndə həmin gün hər kəs üçün böyük bayram idi. Xüsusən qızlar çox sevirdi onu. Royalda çalırdı, bütün qızlar onun başınına fırlanırdı. Həmin illərdə cazı "xuliqan musiqisi" adlandırırdılar".
Vaqif Mustafazadənin yaradıcılıq dövrü 60-cı illərə təsadüf edir. Bu, sovet məkanında cazın çiçəklənmə dövrü idi. Tanınmış amerikalı tənqidçi onun haqqında "Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir" yazmışdı.
"Bir dəfə o gəlib royalda çalanda oranın süpürgəçisi süpürgə ilə Vaqifə hücum elədi. Qadının psixoloji problemləri var idi. Vaqifə ddim ki, "o dəlidir, siz davam edin". Əslində o qadın xüsusi öyrədilmişdi, gəlib Vaqifə dedi ki, sən burada xuliqanlıq edirsən", - deyə C.Zeynallı bildirib.
Qeyd edək ki, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olub. 1979-cu ildə Vaqif Mustafazadə Azərbaycanın Əməkdar artisti adına layiq görülür. Həmin il Monakoda keçirilən caz müsabiqəsində iştirak edərək həmin müsabiqənin qalibi seçilir. Elə həmin ildə Daşkənd səfər edən görkəmli cazmen dekabrın 16-ında, 39 yaşlı qastrol zamanı ürək tutmasından vəfat edir. Vaqif həyatdan köçəndə "Amerikanın səsi" radiosu "Sovet İttifaqında "Cazın tanınmamış Allahı" dünyasını dəyişib" — deyə xəbər verdi. 1982-ci ildə — ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.
1989-cu ildə Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Muzey Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyət göstərir. İçəri Şəhərin ruhunu hiss edənlər, caz musiqisini ürəklə duyanlar tez-tez bu qapını döyür.