BAKI, 16 dekabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı rəsmi "Facebook" hesabında paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, Makronun Azərbaycan dilində edilən paylaşımında bildirilir: "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik".
O həmçinin Azərbaycan və Ermənistan liderlərilə üçtərəfli qeyri-formal görüşdən foto yerləşdirərək "Ermənistan, Azərbaycan - birlikdə" yazıb.
Avropa İttifaqının sədri Şarl Mişellə görüşdən sonra cümə axşamı Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Fransa tərəfinin təşəbbüsü ilə yenidən görüşdükləri barədə məlumat yayılıb. Bu dəfə həmin görüşdə Fransa Prezidenti Emmanuel Makron da olub.
Həmçinin tərəflərin tet-a-tet görüşünün beş saat davam etdiyi, Əliyevlə Paşinyanın ikitərəfli münasibətləri müzakirə etdikləri vurğulanır. Azərbaycan liderinin sözlərinə görə, danışıqlar konstruktiv şəraitdə keçib. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, nəqliyyat infrastrukturunun, xüsusilə dəmiyrolu xəttinin yaradılmasını, sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə ediblər.