RUSİYA

Bəzən əldə edilən materialın qiyməti həyatın özüdür - Zaxarova

Rusiya XİN sözçüsü ölkəsinin media sahəsinin işçilərini "özününkülərə" və "yadlara" bölməyi yolverilməz hesab etdiyini bildirib.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Rusiya ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin orada çalışan Rusiya mediası jurnalistlərinə "dezinformasiya yayan" damğasını vurmaq cəhdlərini təhrik kimi görür. Media işçilərinin "özününkülərə" və "yadlara" bölünməsi yolverilməzdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 15-də peşə vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlərin anım günü münasibətilə bildirib.
"İxtisaslaşdırılmış beynəlxalq meydançalarda biz istisnasız olaraq bütün media işçilərinin öz vəzifələrini təhlükəsiz yerinə yetirmək hüququnu qətiyyətlə müdafiə edirik. Bu baxımdan, media sahəsinin işçilərini "özününkülərə" və "yadlara" bölməyi yolverilməz hesab edirik. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin orada çalışan Rusiya media sahəsinin jurnalistlərinə "təbliğatçılar" və "dezinformasiya yayanlar" damğasını vurmaq cəhdlərini isə öz müxbirlərimizə qarşı təhrikçilik, aqressivlik və zorakılıq kimi görürük", - deyə Zaxarova cümə axşamı telegram kanalında qeyd edib.
Diplomat xatırladıb ki, bu anım günü Rusiya Jurnalistlər İttifaqının təşəbbüsü ilə 1991-ci ildə Yuqoslaviyada vətəndaş müharibəsi zamanı SSRİ Dövlət Televiziya və Radiosunun müxbiri Viktor Noginin və operator Gennadi Kurennovun həlak olması ilə əlaqədar təsis edilib.
Nəcib vəzifə
Zaxarova rusiyalı jurnalistlərin işlərini ən ağır şəraitdə fədakarlıqla yerinə yetirdiklərini vurğulayıb. "Jurnalistimizin Əfqanıstanda, Yəməndə, Suriyada və digər "qaynar nöqtələrdə" lentə aldığı və ya qeyd etdiyi hər bir reportaj həyatın təhlükəsi ilə doludur. Artan risk zonalarında baş verən hadisələrin real, retuşsuz mənzərəsini ictimaiyyətə çatdırmaq kimi nəcib vəzifənin həlli media sahəsinin peşəkarlarından cəsarət və mərdlik, gözlənilməz hallarla hər an üzləşməyə, ancaq bu halda belə peşəkar vəzifəsini yerinə yetirməyə hazır olmağı tələb edir. Bəzən əldə edilən materialın qiyməti həyatın özüdür", - deyə diplomat qeyd edib.
Zaxarova insanlarda dünyanın təhrif edilməmiş mənzərəsinin formalaşmasına görə cəmiyyət üçün vacib olan hadisələr haqqında obyektiv və hərtərəfli məlumat əldə etmək imkanının sərbəst şəkildə təmin edilməsinin müstəsna əhəmiyyət daşıdığına əmindir.
"Bu səbəbdən bütün jurnalistlərə böhran hallarının, o cümlədən silahlı münaqişələrin təhlükəsiz işıqlandırılması üçün şərait yaratmaq, onların "qaynar nöqtələrdə" yaşamaq risklərini minimuma salmaq üçün maksimum dərəcədə səy göstərmək lazımdır", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib.
Diplomat qeyd edib ki, bu qurğular əsasında Rusiya Xarici İşlər Nazirliyi Moskva Jurnalistlər Birliyinin himayəsində böhran vəziyyətlərində işləməyə göndərilən müxbirlər üçün xüsusi ixtisasartırma kurslarının keçirilməsində iştirak edir.