CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qandonduran hadisə - Müəllim qohumunu qətlə yetirib

Elnur Hüseynova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yevlaxda qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan xəbər verir ki, hər iki qurumun yaydığı məlumatda deyilir:
"Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirib, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.
Elnur Hüseynova 15 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".