BAKI, 15 dekabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 nömrəli tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.
O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".
Qeyd edək ki, məktəb direktoru Ceyran Quliyevanın müəllimlərin "Whatsapp" qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.
Mehriban Vəliyeva həmçinin digər məktəblərin rəhbərliyinə tapşırıqlar verildiyini də diqqətə çatdırıb. Bunlar məktəblərdə Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədardır. İdarə müdiri qeyd edib ki, təhsil ocaqlarında kütləvi tədbirlərin keçirilməsi arzuolunan deyil.
Eləcə də oxuyun: