BAKI, 15 dekabr — Sputnik. “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
O deyib ki, qış rejiminə keçiddən bir gün öncə - noyabrın 14-də “Azəriqaz” və “Azəristiliktəchizat”ın rəhbərliyi arasında danışıqlar olub: "Danışıqların nəticəsi olaraq, “Azəriqaz” bu quruma yaranmış borcun ödənilməsi üçün bir həftəlik möhlət verdi. Burada söhbət 34 milyon manatdan çox vəsaitdən gedirdi. Amma “Azəristiliktəchizat” ASC bu vəsaitin 14 milyon manatını mübahisəli predmet kimi qiymətləndirirdi və 20 milyon manatdan çox olan məbləğdən danışırdı. Buna baxmayaraq, “Azəriqaz” İB quruma bir həftə möhlət verdi”.
"Qarşı tərəfin xahişi ilə qərara alındı ki, bu möhlət dekabrın 15-nə qədər uzadılsın. Bu gün artıq bu möhlət tamam olur. Təbii ki, bu gün hər kəsi bu möhlətin bitdiyi üçün vətəndaşın aqibətinin necə olacağı düşündürür. Hər kəsi qazanxanalara veriləcək mavi yanacağın dayandırılacağı və ya uzadılacağı maraqlandırır”, - deyə o əlavə edib.
O qeyd edib ki, məsələdən hökumət də xəbərdar idi. Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, “Azəristiliktəchizat” ASC-yə 12 milyon manat vəsait ayırdı: "Təbii ki, bu “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun müəyyən hissəsidir və tam hissə deyil. Hökumət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürür. Hazırda “Azəristiliktəchizat”ın “Azəriqaz”a ödəniləcək 12 milyon manatın sənədləşmə prosesi həyata keçirilir. Qurumun “Azəriqaz”a olan borcunun qalan hissəsi də hökumətin üzərinə düşəcək”.
E.Vəliyev əlavə edib ki, bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur.
Qeyd edək ki, bu ilin noyabrın 15-dən "Azəriqaz" İB ilə "Azəristiliktəchizat" ASC arasında borc qalmaqalı yaranıb. Xatırladaq ki, keçən mövsüm də noyabrın 16-da "Azəristiliktəchizat" ASC ilə "Azəriqaz" İB arasında yaranan borc qalmaqalına görə paytaxtın əksər ərazilərində abonentlər istiliksiz qalmışdı. Sumqayıt, Nərimanov ərazilərində istilik mövsümünə keçid baş tutmamışdı. Məlum olmuşdu ki, qazanxanalara mavi yanacağın verilməsi məhz "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu üzündən dayandırılıb.