BAKI, 15 dekabr — Sputnik. Valideyn-Müəllim Assosiasiyasına alternativ qurum yaradılacaq. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, yaxın gələcəkdə Valideyn-Müəllim Assosiasiyasına (VMA) alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur: "Bu qurum məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllülüyü əsasında fəaliyyət göstərir. Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bununla əlaqədar maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".
VMA 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış təhsil platformasıdır. O, ABŞ modelindən götürülüb və bütün inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərir. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir.
AVMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir.
Eləcə də oxuyun: