BAKI, 14 dekabr — Sputnik. "Media haqqında" qanun layihəsinin hazırlanmasına zərurət hazırda qüvvədə olan "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun qəbul edildiyi 1999-cu ildən bəri olan dövrdə media sahəsində yeni reallıqların yaranmasından irəli gəlir. Xüsusilə bir tərəfdən yeni texnologiyaların media sahəsində geniş tətbiqi, digər tərəfdən də müasir media vasitələri ilə ənənəvi mətbuat arasında yaranmış fərqlər bu reallıqların əsas komponentləri kimi qeyd edilməlidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
O bildirib ki, dünyada informasiya təhlükəsizliyi ayrıca bir istiqamət olaraq yaranmış və inkişaf etməkdədir:
"Dünyanın qabaqcıl dövlətləri informasiya təhlükəsizliyi məsələsinə qanunvericilik bazasının möhkəmləndirilməsi və praktik məsələlərin həlli baxımından xüsusi diqqət ayırırlar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız böyük Zəfərimizdən sonrakı dövrdə Azərbaycan bu istiqamətdə gördüyü işləri daha da təkmilləşdirmək əzmindədir. "Media haqqında" yeni qanun layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə çıxarılması da bu əzmin təzahürüdür.
Yeni qanun layihəsinin əsas məziyyətləri ölkəmizin informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədini daşıması və bu məqsədə söz azadlığı, jurnalistlərin maneəsiz fəaliyyəti və digər demokratik prinsiplərə sadiq qalmaqla xidmət etməsidir. Demokratik prinsiplərə sadiqliyin nəticəsində yeni qanun layihəsi sosial şəbəkələrin, bloqerlərin və vətəndaş jurnalistikası ilə məşğul olanların fəaliyyətini tənzimləmir. Eyni zamanda, internet televiziyalarının fəaliyyəti üçün azad mühit nəzərdə tutaraq onların lisenziya almasını məcburi etmir. Çap mediası və onlayn media orqanlarının təsis ediməsi üçün dövlət qurumlarından icazə tələb olunmur".
"Qanun layihəsində Media Reyestrinin yaradılması nəzərdə tutulur. Media orqanlarının fəaliyyətə başlamazdan öncə müəyyən məlumatları təqdim etməsi yeni bir şərt deyil. Sadəcə olaraq, Media Reyestri belə məlumatların sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Onlayn media orqanları haqqında məlumatların da Media Reyestrinə daxil edilməsi nəzərdə tutulur. Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən media orqanlarının sayının müəyyənləşdirilməsi və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsinə xidmət edir. Xüsusən də Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından önəm kəsb edir.
Digər tərəfdən isə, bu Reyestrin formalaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsi zamanı müsbət rol oynayacaq və pərakəndəliyin qarşısını alacaq", - A.Əliyev vurğulayıb.
O qeyd edib ki, qanun layihəsində Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi təklif olunur:
"Bu vəsiqənin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Bu o deməkdir ki, belə vəsiqə almayan jurnalistlər də sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, media qurumları onlarla çalışan əməkdaşları üçün özlərinə aid vəsiqələr verə bilərlər. Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi neqativ halların, xüsusən də "reket jurnalistikası" adlandırılan fəaliyyətlərin qarşısının alınmasına yönəlmişdir".
"Qeyd edilənlər göstərir ki, media haqqında yeni qanun layihəsi media və jurnalistika sahəsində şəffaflığa, keyfiyyətli xəbər istehsalına, jurnalistlərin hüquqlarının effektli müdafiəsinə, media orqanlarının müxtəlif layihələrdən yararlana bilməsinə və son nəticədə, demokratik prinsiplərlə fəaliyyət göstərən milli medianın inkişafına və informasiya təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edəcək.
Vətən müharibəsi zamanı yaşadığımız təcrübə göstərdi ki, milli informasiya məkanımıza xaricdən neqativ, hətta düşməncəsinə müdaxilə etmək cəhdləri olur, dezinformasiya və saxta xəbərlər yayılır. Həmin dövrdə media sahəsindəki boşluqlar daha aydın nəzərə çarpdı və boşluqları doldurmaq üçün bu sahədə yeni qanunun qəbul edilməsi zərurəti üzə çıxdı", - sədr müavini bildirib.
Qeyd edək ki, "Media haqqında" qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Layihəyə görə, kütləvi informasiya - əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılan, media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan ələt və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir.
Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.