CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümrə ziyarətinin vaxtı yaxınlaşıb: Ora kimlərin gedə biləcəyi açıqlandı

Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda təxminən 25 nəfərin olmasına üstünlük verilir.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.
Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq:

"Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda təxminən 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza "Sinovac", 1 doza "Pfizer") vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər".

B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib: "Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir".
Qeyd edək ki, Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.
Ümrə, Həcc mövsümü xaricində Kəbəni ziyarət edən müsəlmanlara aiddir. Ümrə ziyarət deməkdir. Fiqhi tərifi, həcc vaxtından asılı olmayaraq ehrama girərək Kəbəni təvaf, sə'y etmək və təraş olmaq deməkdir.
Quran və hədislərdə ümrə barədə bəhs edilib. Quranda "Allah üçün həcc və ümrə edin" ifadəsi işlədilir.
HənəfiMaliki məzhəblərində sünnə, ŞafiHəmbəli məzhəblərində fərzdir. Həyatın istənilən vaxtında edilə bilər. Bir-birinin ardınca həcc və ümrə etmək tövsiyə olunur.