CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sirli ölümü ilə tarixdə adını yazdıran ölməz sənətkar - VİDEO

O, sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. İstedadı sayəsində şöhrət çox erkən onun ünvanını tapmışdı.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. O, sadəcə müğənni, musiqiçi deyildi, millətini, yurdunu ürəkdən sevən böyük vətəndaş, ictimai xadim idi. İstedadı sayəsində şöhrət çox erkən onun ünvanını tapmışdı. Söhbət XX əsr Azər­bay­can mu­si­qi ta­ri­xin­də, ifa­çı­lıq sa­hə­sin­də öz dəst-xət­ti ilə se­çi­lən da­hi sə­nət­kar Rəşid Behbudovdan gedir.
Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş Rəşid Behbudov xarici ölkələrin bir sıra dövlət mükafatlarına da layiq görülüb. Zamanında Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi fəxri adlar da alıb. 1946-cı ildə "Stalin" mükafatı ilə təltif edilib.
14 dekabr 1915-ci ildə Məcid kişinin evində bir körpə dünyaya gəldi. Adını Rəşid qoydular. "Xoş taleyini Tanrı yazsın" dedilər. O zaman bir kimsənin ağlına da gəlməzdi ki, qədim Tiflisin köhnə məhəlləsində, əslində, Azərbaycanın sənət korifeyi doğulub. Hansı ki, gələcəkdə milyonlarla insanı öz səsinin sehrinə salacaq. O, ifaçılıq fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov nəinki Azərbaycana, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin çox görkəmli nümayəndələrindən biri olub. Dahi sənətkarla çalışan insanlar da özlərini bu baxımdan şanslı hesab edirlər. Onlar korifey sənətkarımızla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüblər.
Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni laureatı, bəstəkar Faiq Sücəddinov Behbudovla bağlı xoş xatirlərini danışıb: "Mən orada işə başlayanda çox gənc idim. Yenicə Konservatoriyanı bitirmişdim. Ən böyük arzum idi ki, Rəşid Behbudov mənim bir mahnımı oxusun. Mənim kimi o zamanlar yeni başlayan bəstəkarlar da arzulayırdılar ki, Behbudov onların mahnılarını oxusun. Amma Rəşid müəllim hər mahnını oxumurdu. Mən gəldim teatra, ona baxa-baxa keçdim. Bir işçisi var idi, Aydın. Ona dedi ki, "Aydın, get bax gör, o kimdir?" Mən Aydına dedim ki, Rəşid müəllim üçün mahnı gətirmişəm. O da getdi Rəşid müəllimə dedi. Mən Rəşid müəllimlə görüşdüm. Mahnımı pianoda çaldım və oxudum. Məndən soruşdu ki, "notları var?" Dedim "bəli, var". Notlara baxdı. Sözləri Nəbi Xəzrinin olan "Azərbaycan" mahnısı idi".
Bəstəkar, Rəşid müəllimin mahnı seçimində çox həssas olduğu kimi, mahnının sözlərinə də həssas olduğu deyib: "Mənə həmin mahnını dəfələrlə oxutdurdu". Dedi, "burada söz xoşuma gəlmir". Zəng elədi Nəbi Xəzriyə, "Nəbi, burada sözləri dəyiş, xahiş edirəm". Nəbi müəllimlə görüşəndə o mənə danışırdı ki, Müslüm Maqomayev məşhur "Azərbaycan" mahnısının sözlərini dəyişdirmək istəyəndə o dəyişməyib. Amma Rəşid Behbudovun sözündən çıxmadı, sözü dəyişdi. Həmin mahnını mənə 15 dəfə oxutdurdu. Mənə deyirdi, sən oxu, mən nə lazım olsa, onu götürəcəm. Mən gördüm ki, o, bir mahnının üzərində nə qədər işləyir".
Faiq müəllim sənətkarın yüksək yumor hissinə malik olduğunu vurğulayıb:
"Mən onun üçün 2 mahnı yazdım. Biri "Azərbaycan" idi. Onu Simfonik orkestrlə ifa etdi. Rəşid müəllim hər dəfə mənə deyirdi ki, "bu mahnını haradan oğurlamısan?" Deyirdim, Rəşid Məcidoviç, vallah, oğurlamamışam. Sonralar anladım ki, onun belə zarafatları da var imiş. Sonradan "Zəfərlər bayrağı" adlı bir əsərim var idi. Ümumilli lider Heydər Əliyev o mahnını Gəncədə eşitmişdi. O dedi ki, bu manini mütləq Rəşid Behbudov oxumalıdır. Sonra belə oldu ki, mən ora simfonik orkestr üçün zurna əlavə etdim. Behbudov bunu çox bəyənmişdi. Dedi, "Faiq, zurna əla oldu. Amma bir məsələ var. Üzeyir bəy Bülbül üçün "Koroğlu"nu yazdı. Bülbül öldü, "Koroğlu" yoxdur. Mən köpəkoğlu Ukraynaya gedib zurnanı haradan tapacağam?" Bax, Rəşid müəllimin belə zarafatları da var idi. Biz 5 il onunla çox yaxın olduq. Mən o vaxt onun teatrına musiqilər yazırdım. Mənə deyirdi ki, sənə bu mahnılara görə pul verim. O, həm də qayğıkeş insan idi".
"İstedadlı insan hər bütün sahələrdə istedadlıdır deyir" Sücəddinov: "Çox yaraşıqlı insan idi. Siması nurlu idi. Söhbət edəndə çox şirin söhbət edirdi. Çox dadlı yeməklər hazırlayardı. Bir sözlə, mükəmməl insan idi. Rəşid müəllimin bir deputat kimi fəaliyyətini də gördüm. O, Naxçıvanın Babək rayonunun deputatı idi. İnsanlara qarşı çox qayğıkeş idi. Mən onun arxivindən şəkillər gördüm. Mən gördüm ki, onu necə qarşılayırdılar. Onun ağappaq maşını öpüşdən qıpqırmızı olmuşdu. Mən görürdüm onu insanlar necə əlində saxlayırdılar. Bu, bizim qürur mənbəyimizdir. Təəssüf ki, o bizdən tez getdi. Rəşid müəllim harada olurdusa yeganə şüarı bu idi: "Səni vəsf edirəm Azərbaycanım, vətənim". Həmişə o sözlərlə başlayırdı, o sözlərlə də bitirərdi. Onun böyüklüyü onda idi. Həmin vaxtlarda Rəşid müəllimin səhhətində problemlər var idi. Onu apardılar Moskvaya. Təəssüf ki, Rəşid müəllim orada vəfat etdi. Ondan sonra mən Mahnı teatrının bədii rəhbəri və müdiri oldum. 3 il mən orada fəaliyyət göstərdim".
Ustadı təkcə öz Vətənində sevmirdilər. Vaxtilə dünya Azərbaycanı iki nemətinə - bir neftə, bir də Rəşidin səsinə görə tanıyırdı. Məmləkətlər, ölkələr dolaşmışdı onun səsi. Rəşid Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina, Misir, Efiopiya və digər ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. O yerlərə səsini aparan, nəğmələrini ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, qürbətdə də Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də. Rəşid Behbudov Azərbaycan xalq mahnılarını və bəstəkarların vokal əsərlərini xarici ölkələrdə böyük məhəbbətlə təbliğ edirdi. Rəşid Behbudov həm də qələm sahibi idi. Onun Hindistan səfəri ilə bağlı yazdığı "Uzaq Hindistanda" adlı kitabı bu gün də öz aktuallığını saxlamaqdadır.
Xalq artisit Mübariz Tağıyev də onunla bağlı xoş xatirlərini bölüşdü: "Mən 1973-cü ildə Rəşid Behbudovun dəvəti ilə Mahnı teatrında işə başladım. Peşəkar olmasam da ona qədər müəyyən uğurlarım var idi. Rəşid Behbudov adı o qədər yüksək səslənirdi ki, mən fikirləşirdim ki, mən burada necə davranmalıyam böyük sənətkarın yanında? Fikirləşirdim ki, belə bir sənətkarın yanında kölgədə qalmalıyam. Amma tam əksi oldu. Gənclərə yol açırdı, onlara müəllimlik edirdi. Baxmayaraq ki, aramızda yaş fərqi vardı, amma mənə qarşı dost münasibəti bəsləyirdi. Səhnədə həddindən artıq qəddar olurdu. Amma məşq qutarandan sonra, dönürdü adi insana, hər şey yaddan çıxırdı. Bütün bunlar yüksək peşəkarlıqdan irəli gəlirdi. 18 il həmin teatrda fəaliyyət göstərdim".
"Onun səhnədən getməsi böyük bir boşluq yaratdı" deyib Mübariz müəllim: "İndiyə qədər də onu yamsılayanlar var, onun yolunu getməyə çalışanlar var. Bu, normaldır. Çox qeyri-adi istedada malik insan idi. O, bir məktəb idi. Hər dəfə konsertdə oktavadan oktavaya keçidləri elə peşəkarlıqla edirdi ki, dinləyənlər təəccüblənirdilər ki, bu, onun öz səsidir? Təbiət öz-özündən məktəb yaradır, bu başqa. Amma insanın özündən də çox şey aslıdır. Səhhətində yaranan problemlərə rəğmən, o yenə də çalışqan idi. O teatrda çalışanlar toylara getməzdlilər. 50 ilə yaxındır ki, səhnədəyəm, bu vaxta qədər ona xəyanət etməmişəm. Elə vaxtlar olub ki, maddi problemlərim olub, amma ona verdiyim sözə sadiq qalmışam. Gənclərə olan münasibəti çox yaxşı idi. O, sözünü gizlədə bilən insan deyildi. Ona məsləhətlərini, iradlarını bildirirdi".
Elə insanlar var ki, onların sənəti və şəxsiyyəti arasında böyük bir paradoks var. Bu mənada onun şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi bir vəhdət var idi. Behbudovun kürəkəni Kamil Şahverdiyev sənətkardan danışarkən bildirib ki, böyük sənətkarlıqdan öncə Rəşid Behbudov Azərbaycanı, insanlarını bütün varlığı ilə sevən vətəndaş idi: "Onun bütün insanlara sevgisi var idi. Vəzifəsindən, tutduğu statusundan aslı olmayaraq hər kəslə mehriban davranırdı. Onun yanında heç vaxt, heç kim qanı qara ola bilməzdi. Onun barədə danışmaq həm kədərlidir, həm də xoşdur. O demək olar ki, dünyanın yarısını gəzmişdi. Getdiyi ölkələrdəki insanlara qarşı da münasibəti eyni idi. İşi ilə əlaqədar ailəsi ilə vaxt keçirməyə vaxtı yox idi. Amma ailəsi ilə olduğu zamanları dolğun keçirirdi".
Mə­lu­mat­la­ra gö­rə, 1946-1956-cı il­lər­də Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın, 1953-1960-cı il­lər­də fa­si­lə­lər­lə M.F.Axun­dov adı­na Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın so­lis­ti, 1957-1959-cu il­lər­də Azər­bay­can Döv­lət Kon­sert An­samblı­nın təş­ki­lat­çı­sı və rəh­bə­ri olub. 1966-cı il­dən mu­si­qi və estra­da sə­nə­ti­nin caz, ba­let, pan­to­mim ki­mi müx­tə­lif janrla­rı­nı üz­vi su­rət­də bir­ləş­di­rən Azər­bay­can Döv­lət Mah­nı Te­at­rı­nı təş­kil et­miş və öm­rü­nün so­nu­na­dək onun so­lis­ti və bə­dii rəh­bə­ri olub.
Kamil müəllimin oğlu Rəşid babasının adını daşıyır. Dediyinə görə, nəvə Rəşidin də səsi mükəmməldir: "Azərbaycanda ən çox səfər edən sənətkar idi. Getdiyi ölkələrdə rəhbər işçiləri ilə görüşürdü. Amma sadə insanları da unutmurdu. Fabriklərdə, zavodlarda, tarlarda işləyən insanlarla da görüşərdi, onlara konsert verərdi. Təəssüf ki, mən Rəşidə xanımla evlənəndə artıq Rəşid müəllim vəfat etmişdi. Oğlumuz onun adını daşıyır. Onda da mükəmməl səs var. Bu genetik səs nəsildən-nəslə keçib. Rəşid müəllimin atasındakı səs Rəşid müəllimə, Rəşid müəllimin səsi qızı Rəşidəyə keçib. Rəşidədən də oğlumuz Rəşidə keçib. Amma təəssüf ki, oğlum bu sahədə işləmir. Tamamilə başqa bir sahədə fəaliyyət göstərir. Amma çox istiyərdim ki, bu sahəni davam etdirsin".
Xanəndə ailəsində doğulan və uşaq yaşlarından öz səsi ilə hamını məftun edən Rəşid Behbudov əvvəlcə dəmir yolu texnikumuna daxil olub. Həm orta məktəbdə xorda oxuyan, həm də bu təhsil ocağında tələbə özfəaliyyət orkestrində çalışan Rəşid Behbudov sonradan hərbi xidmət zamanı ordu ansamblının solisti olub. Bir müddət Tbilisi estrada qruplarında, sonra da İrəvanda caz orkestrində fəaliyyətə başlayıb. İkinci dünya müharibəsi illərində Rəşidin səsi Krım cəbhəsindən gəlib. Sonralar Üzeyir Hacıbəylinin dəvəti ilə Bakı kinostudiyasına gələrək filmə çəkilən Rəşid Behbudovun taleyi doğma paytaxta bağlanıb.
Azərbaycan milli kinosunun inkişafında da Rəşid Behbudovun zəhməti çox olub. 1945-ci ildə "Arşın mal alan" filmində can verdiyi Əsgər obrazı çox uğurlu və maraqlı alındı. Təkcə elə bu filmin ona gətirdiyi geniş şöhrət bir ömrə bəs edəcək əsl sənət müvəffəqiyyəti idi. "Bəxtiyar" filmində Bəxtiyar obrazı sanki müğənninin elə öz bioqrafiyası idi. Böyük məharətlə oxuduğu vokal əsərlər filmin son dərəcə mənalı, baxımlı və yaşarlı alınmasını şərtləndirən əsas amillərdən biri idi. Azman sənətçimizin Azərbaycan opera səhnəsində bir sıra möhtəşəm tamaşalarda ifa etdiyi partiyalar vokal sənətimizin tarixində əhəmiyyətli yer tutmuşdur. Üzeyir Hacıbəylinin "Arşın mal alan" (Əsgər), Fikrət Əmirovun "Sevil" (Balaş) operalarında Rəşidin ifasındakı partiyalar həmişə yüksək qiymətləndirilib.
Müxtəlif musiqi kollektivlərində, teatrlarda, ansambllarda çalışan Rəşid Behbudov on il Azərbaycan Dövlət Filarmoniyasının, xeyli müddət Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri işləyib. O, 1966-cı ildə Dövlət Mahnı Teatrını yaradıb. Bununla da, Rəşid Behbudov Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək incəsənətimizin yeni, orijinal və pozulmaz səhifələrini yazıb. Dahi sənətçimizdən yadigar və nişanə qalan həmin mahnı teatrı bu gün böyük müğənninin adını daşıyır və yaşadır. Rəşid Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən sonra gələnləri düşünürdü. İndi onun yaratdığı bu sənət məbədində məhz Rəşid məktəbinin davamçıları fəaliyyət göstərirlər.
Rəşid Behbudovun ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.
1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Vaxtı ilə bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Mərhum Ceyran Behbudova sağlığında verdiyi müsahibəsində bildirmişdi ki, Rəşid Behbudov Mixail Qorbaçova deyib ki, bu, sizin tanklardır: "Niyə sülh şəraitini təbliğ edən teatrın qarşısında tanklar durub. Belə olmaz. Rəşid Behbudov mənə dedi ki, düz 3 dəfə Mixail Qorbaçova səsləndim ki, bunu həll etmək lazımdır, yoxsa qan tökülə bilər. Mixail Qorbaçovun bu sözdən xoşu gəlmədi. Deyəsən, məni aradan götürəcəklər".
Azərbaycan musiqisinin mogikanı Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.