İQTİSADİYYAT

İşəgötürənlər bir milyondan çox vəsaitin ödənilməsini gecikdiriblər

Ödənilən vəsaitin 1 milyon 6 min manatı əməkhaqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirlikdən verilən məlumata görə, xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 1 milyon 6 min manatı əməkhaqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb.
Belə ki, əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında milli standartların hazırlanması, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işlərinin sürətləndirilməsi tapşırılıb.