VİDEO

Qida məhsullarından sənət əsərləri yaradan Azər Səfərov

Azər Səfərov qida məhsullarından maraqlı əl işləri hazırlayır. O, əl işləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Ətraflı videomuzda.
Sputnik
Azər Səfərov qida məhsullarından maraqlı əl işləri hazırlayır. O, xalçaçı Lətif Kərimovun nəvəsidir. Sputnik Azərbaycan-a müsahibəsində Azər Səfərov bildirib ki, babasının yanında böyüyüb.

"Mən əslində xalçaçı olmalı idim. Məktəb illərində xalça işini çox gözəl bacarırdım. Çox vaxt xalça işlərində babama kömək edirdim. Bu işin adı çeşni idi. Çeşni işində bir nöqtə səhv düşərsə, həmin iş yaxşı alınmır. Mən heç vaxt səhv etmədim bu işdə".

Müsahibimizin sözlərinə görə, atası onun rəssam olmağına qarşı çıxıb:
"Atamın sözünü yerə salmadım. Xalq təsərrüfat universitetini bitirdim. Yaradıcılığa olan sevgim özünü hər bir şeydə göstərirdi. Mən nə isə yaratmalıydım. Kiminsə ad gününə gedirdimsə, ona öz əl işimi hədiyyə edirdim".
Azər Səfərov deyir ki, əl qabiliyyəti ilə yanaşı insanın fantaziyası da olmalıdır:
"Mənim əsas məqsədim odur ki, qeyri-adi əl işləri yaradım və insanları təəccübləndirim. Mən heyvan sümükləri üzərində də maraqlı əl işləri hazırlayıram. Heyvan sümüklərinin üzərində insan siması və ya heyvan siması görürəm. Sonra fikirləşdim ki, boşqabın üstündə mənzərələr yaradım. Bu işi mənə heç kim öyrətməyib. Bunlar hamısı mənim fantaziyamdır və Azərbaycanda heç kim məndən başqa bu işlə məşğul olmur".