BAKI, 14 dekabr — Sputnik. Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Bu qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.