BAKI, 14 dekabr — Sputnik. Vətəndaşlara hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən "Ltv 7" internet kanalının əməkdaşları barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, "Ltv 7" xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İstintaq zamanı müəyyən olunub ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.
Eyni zamanda, Fazil Quliyevin bölgə müxbiri vəzifəsində işlədiyi "Ltv 7 xəbər" internet kanalının direktoru Ceyhun Şəmilov, həmin kanalın direktoru müavini vəzifəsində işləmiş Gülmirə Rəcəbova, müxbir vəzifələrində işləmiş Gülnarə Məmmədova, Sevil Mərəndski, operator vəzifəsində işləmiş Elnur Cəfərov, sürücü Sadiq Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini jurnalist kimi təqdim edərək ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumatlar toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.
Sevil Mərəndski, Gülnarə Məmmədova, Ceyhun Şəmilov, Vüsal Zeynalov, Fazil Quliyev, Gülmirə Rəcəbova, Elnur Cəfərov, Sadiq Əlizadə, İlham Novruzov və Rumayə Rzayeva Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.