SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Deputatlardan narazılıq: AZAL-ın qiymət siyasəti turistlərin gəlişinə mane olur

Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib ki, turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir.
Odur ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq:
“Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın”.
Deputat Aqil Abbas isə söz alaraq Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıldığını və nailiyyətlərin əldə olunduğunu qeyd edib. Lakin AZAL-ın təyyarə biletlərini baha satmasına irad bildirib:

"AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum".

Deputat qeyd edib ki, bu məsələyə ciddi şəkildə baxılmalıdır.
"Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”, - deyə Aqil Abbas əlavə edib.
Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır. Azərbaycana yalnız 10 ölkədən xarici vətəndaş vizasız gələ bildiyi halda, Gürcüstana 100-ə yaxın, Özbəkistana 80-dən çox, Qazaxıstana 70-dən çox, Türkiyəyə isə 90-dan çox ölkədən əcnəbilər vizasız gələ bilərlər.
Deputat AZAL-ı tənqid atəşinə tutdu
Musa Quliyevin sözlərinə görə, təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Sərfəli olmayan bazar şərtləri aşağı büdcəli hava yolu şirkətlərinin cəlb olunmasına, uçuş istiqamətlərinin şaxələndirilməsinə və uçuş reyslərinin sayının artmasına maneə yaradır. Eyni zamanda, Azərbaycanda beynəlxalq statuslu regional hava limanları mövcud olsa da, birbaşa hava əlaqələrinin qurulmasında onlardan səmərəli istifadə edilmir.
"Üçüncü səbəb quru sərhəd-keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması, qonşu ölkələrdən gələn turist sayının artırılması məqsədilə quru sərhəd-keçid məntəqələrində viza verilməsi işinin təşkilinə, gözləmə rejiminin azaldılmasına, infrastrukturun təkmilləşdirilməsinə, keçid prosedurların optimallaşdırılmasına, habelə əlavə resursların cəlb olunmasına ehtiyac var", - deyə Quliyev bildirib.
O əlavə edib ki, ölkəmizdə indiyədək turizm sahəsinə 2 milyard dollardan artıq vəsait qoyulub.
Qeyd edək ki, Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi müzakirə edilir. Bu qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər.
Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.