BAKI, 14 dekabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən 300 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Agentlikdən verilən məlumata görə, monitorinqin məqsədi ümumi təhsil müəssisələrində giriş-çıxış və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti, koronavirusa qarşı aparılan operativ nəzarət və maarifləndirmə, xəstəlik daşıyıcıları ilə bağlı görülən tədbirlər, həmçinin yeməkxana, kitabxana, idman zalı və məktəbdaxili infrastrukturdan istifadəyə dair tələblərə əməl olunma səviyyəsinin yoxlanılmasıdır.
Məktəblər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən müəssisələrdə bu istiqamətdə işin daha yaxşı təşkili ilə bağlı tövsiyə və göstərişlər verilib.
Qeyd edək ki, monitorinq təhsil nazirinin "Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə" əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.
Bu Qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.
Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil olunur.