BAKI, 13 dekabr — Sputnik. Dönərdən zəhərlənənlərin siyahısı açıqlanıb.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bunlar Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur.
Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir.
----------
10:36
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Bu barədə Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib. O qeyd edib ki, zəhərlənənlərin hamısı Tibbi Mərkəzə gətirilib.
E.Hidayətoğlu bildirib ki, zəhərlənənlərin sayı 8 nəfərdir: "Onlar dünən "28 Mall" yaxınlığındakı dönərxanadan dönər alıb yedikdən bir neçə saat sonra zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Zəhərlənənlərdən biri yeniyetmədir. Onun 16 yaşı var. Qalanları böyük yaş qrupuna daxil olan şəxslərdir. Aralarında bir nəfəri qadındır".
Pasiyentlərin vəziyyəti orta-ağır qiymətləndirilir. Bölmə müdiri onu da qeyd edib ki, dünəndən bu günə qədər zəhərlənənlərdən biri evə buraxılıb. Qalanları xəstəxana şəraitində müalicələrini davam etdirirlər.
E.Hidayətoğlunun sözlərinə görə, hazırda dönərdən zəhərlənmənin səbəbləri araşdırılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dönərdən kütləvi zəhərlənmə barədə artıq araşdırmaya başlanılıb. Zəhərlənməyə səbəb olan amil araşdırılır. Bu barədə yaxın dəqiqələrdə ictimaiyyətə açıqlama veriləcək.
Nəsimi Rayon Prokurorluğunun müstəntiqi İsa Paralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb olan dönərxana artıq bağlanıb: "Həmin dönərxana Səbuhi adlı sahibkara məxsusdur. Dönərxana bağlanıb və istintaqa başlanılıb. İstintaq davam etdiyindən zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ ki araşdırılır".