CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dönər bakılılar üçün zəhər oldu - Ehtiyatlı olun!

Administrator: Biz hələ bilmirik ki, onlar dönərdən sonra evdə gedib nə yeyiblər. Bəlkə evdə yedikləri qidadan zəhərləniblər?! Bu suala hələ aydınlıq gətirilməyib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bakıda dönərdən kütləvi zəhərlənmə hadisəsi əhali arasında narahatlığa səbəb olub. Bu hadisədən sonra paytaxtda fəaliyyət göstərən dönərxanalarda əhaliyə satılan dönərlərin keyfiyyəti şübhələrə yol açıb.
Ətin sertifikatı var...
Sputnik Azərbaycan dünən paytaxtda dönərdən 8 nəfərin zəhərlənməsinə səbəb olan amili araşdırmaq üçün hadisə yerində olub. Hadisənin baş verdiyi "Dönər Market"in administratoru Orxan Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək dönərxanadan dönər alan heç bir alıcı dönərin keyfiyyətindən şikayətlənməyib. O.Ağayev bildirib ki, dönərin hazırlanmasında istifadə olunan ətin sertifikatı var:
"Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Ətin bütün sertifikatları var. Bu hal birinci dəfədir ki, baş verir. Hələ ki, 8 nəfərin məhz bizdən aldıqları dönərdən zəhərləndikləri rəsmi təsdiqlənməyib. Biz də ekspertizanın rəyini gözləyirik".
Amma o, əti hansı şirkətdən aldıqlarını jurnalistlərə açıqlamayıb.

"Biz hələ bilmirik ki, onlar dönərdən sonra evdə gedib nə yeyiblər".

O.Ağayev həmçinin qeyd edib ki, AQTA tərəfindən dönərxananın fəaliyyətinə icazə üçün sertifikat verilib.
Bakıda dönərxana
Administrator bildirib ki, araşdırma başa çatmamış zəhərlənməyə görə dönərxana rəhbərliyini, burada çalışan işçiləri günahkar çıxartmaq olmaz:
"Biz hələ bilmirik ki, onlar dönərdən sonra evdə gedib nə yeyiblər. Bəlkə evdə yedikləri qidadan zəhərləniblər?! Bu suala hələ aydınlıq gətirilməyib".
Hadisə yerində olarkən dönərxana qapalı olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistləri içəri buraxmadılar. Bildirildi ki, hazırda dönərxanada müvafiq nümunələr götürülür.
"Yeyəndən iki saat sonra ciddi ağrılar hiss etdim"
Sputnik Azərbaycan hadisə yerindən sonra dönərdən zəhərlənənlərin müalicə olunduğu tibb müəssisəsinə - Kliniki Tibbi Mərkəzə yollanıb. Zərərçəkən Tünzalə Fəttahova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən "28 Mall" yaxınlığında yerləşən "Dönər Market"dən dönər alıb yedikdən sonra halı pisləşib:

"28 Mall"un yanında "Dönər Market" adlı bir kafe var, oradan dönər aldım. Qiyməti 3 manat idi. Saat 5 radələri olardı, yeyəndən iki saat sonra ciddi ağrılar hiss etdim. Təcili yardımla xəstəxanaya çatdırıldım. Burada həkimlər bildirdilər ki, zəhərlənmədir".

Dönərdən zəhərləndiyi iddia olunan 8 nəfərdən biri olan Tünzalə Fəttahova onu da qeyd edib ki, dönəri yeyərkən acılıq hiss etməyib:
"Qida zəhərlənməsi olsa da, amma yediyim an heç bir qəribəlik hiss etmədim. Sözü gedən yerdən artıq ikinci dəfədir dönər alıram".
Dönərdən zəhərlənənlərin yaxınları xəstəxanada
İki nəfər artıq evə buraxılıb...
Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu isə Sputnik Azərbaycan-a bildirib ki, zəhərlənənlərin hamısı Tibbi Mərkəzə gətirilib. Onun sözlərinə görə, zəhərlənənlərin sayı 8 nəfər olub: "Onlar dünən "28 Mall" yaxınlığındakı dönərxanadan dönər alıb yedikdən bir neçə saat sonra zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət ediblər. Zəhərlənənlərdən biri yeniyetmədir. Onun 16 yaşı var. Qalanları böyük yaş qrupuna daxil olan şəxslərdir. Aralarında bir nəfəri qadındır".
E.Hidayətoğlu qeyd edib ki, pasiyentlərin vəziyyəti orta-ağır qiymətləndirilir. Bölmə müdiri onu da qeyd edib ki, dünəndən bu günə qədər zəhərlənənlərdən ikisi evə buraxılıb. Qalanları xəstəxana şəraitində müalicələrini davam etdirirlər: "Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam etdirilir".
Zərərçəkən Tünzalə Fəttahova
E.Hidayətoğlunun sözlərinə görə, hazırda dönərdən zəhərlənmənin səbəbləri araşdırılır.
AQTA araşdırmaya başladı...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Sputnik Azərbaycan-a bildirilib ki, dönərdən kütləvi zəhərlənmə barədə artıq araşdırmaya başlanılıb. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
CƏMİYYƏT
Son bir ayda otuz nəfər dəm qazından zəhərlənib
İstintaq başlayıb...
Bakıda polis də dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır: "Dönərxananın fəaliyyəti dayandırılıb".
Nəsimi Rayon Prokurorluğunun müstəntiqi İsa Paralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb olan dönərxana artıq bağlanıb: "Həmin dönərxana Səbuhi adlı sahibkara məxsusdur. Dönərxana bağlanıb və istintaqa başlanılıb. İstintaq davam etdiyindən zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ ki, araşdırılır".
Qeyd edək ki, zərərçəkmişlər "Dönər Market"dən toyuq dönəri alaraq yeyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında deyib ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinyət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Həmçinin oxuyun:
Bakıda dönərdən kütləvi zəhərlənmə - Bəzilərini artıq evə yazıblar
Xarici vətəndaşlar qonaq gəldikləri Goranboyda ölüblər, azyaşlı bacılar isə zəhərləniblər
Bərdədə faciə: Xəstə sanıb xilasediciləri gözlədilər, iki həyat söndü