BAKI, 11 dekabr — Sputnik. "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, işsizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımdan vacib hesab oluna bilər:
"Belə ki, dəyişikliklərdə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub. Dəyişikliklər həmçinin müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasını özündə ehtiva edir. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi".
İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin edilir?
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.
İşsizlikdən sığorta ödənişi necə hesablanır?
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində. 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olduqda isə minimum sığorta ödənişi məbləğində, habelə əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.
İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?
Bunun üçün ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması da nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 6 ayı ərzində 1570 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
Həmçinin oxuyun:
İsşizlikdən sığorta ödənişinin alınması üçün üç aylıq gözləmə müddəti ləğv edilir