SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Tehran 3+3 formatını dəstəklədiyini bəyan edib

İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlireza Həqiqiyan ölkələr arasında "3+3" formatında əməkdaşlığı dəstəkləyib.
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Rusiyanın Moskva şəhərində "3+3" formatında görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Qeyd olunur ki, İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlireza Həqiqiyan ölkələr arasında "3+3" formatında əməkdaşlığı dəstəkləyib.
O bildirib ki, "3+3" formatı İran İslam Respublikasının regional siyasətlərinə uyğundur.
Xatırladaq ki, ötən gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+2" formatında regional platformanın ilk toplantısı keçirilib. İclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılıb.
Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edib.
Danışıqların "3+3" formatında keçirilməsi təklif olunsa da, Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.
Cənubi Qafqaz üzrə "3+2" formatının iştirakçıları Moskvadakı görüşdən imtina edən Gürcüstanın da platformaya qatılmağını istədiklərini bildiriblər.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.
“3+3” platforması
Qeyd edək ki, Bakı və Ankara Rusiya, Gürcüstan, İran və Ermənistanın da qatılacağı “3+3” platformasını yaratmaq niyyətindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "G20" sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistana regionda sülhün birgə bərpası təklifi ilə müraciət edib. Onun sözlərinə görə, əgər adıçəkilən bütün ölkələr məsələyə müsbət yanaşsa, belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2020-ci ilin dekabrında vacibliyini vurğuladığı “3+3” (Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan) platformasından gedir. Ancaq aradan bir ilə yaxın vaxt keçsə də, platformanın yaradılması ideyası ilə bağlı irəliləyiş əldə olunmayıb. Özü də maraqlıdır ki, Ermənistanın ucbatından deyil. Bu ölkədə sözügedən formatla bağlı müzakirələr davam edir. Erməni tərəfinin mövqeyi tam aydın olmasa da, onlar bu formata etiraz etməyiblər.
Bütün əngəl rəsmi Tbilisi ilə bağlıdır, Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar.
Xüsusilə də, Gürcüstanın xarici işlər naziri David Zalkaliani açıq-aşkar ifadə edib ki, "hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür".
Həmçinin oxuyun:
Tehranda kritik görüş: Ankara "3+3" formatı ilə bağlı İrandan nə istədiyini açıqladı