BAKI, 11 dekabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, dərhal hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində yerləşən "Gülüstan" gölünün kənarından ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.
Bundan əlavə olaraq, RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində də profilaktiki tədbirlər davam etdirilir.
Vətəndaşlara edilən müraciət və profilaktiki tədbirlərin nəticəsi olaraq şəhər sakini Müşviq Məsimzadə müraciət edərək müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini və müxtəlif markalı yivli silahlara məxsus ümumilikdə 67 ədəd patronu könüllü olaraq polisə təqdim edib.
Qeyd edək ki, Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.