BAKI, 11 dekabr — Sputnik. Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq edib. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosuna istinadla xəbər verir ki, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, 14-də dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında dekabrın 12-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.