BAKI, 11 dekabr — Sputnik. Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15 000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi "Opel" markalı avtomobillə birgə saxlanılıb.
Anoloji hadisə paytaxtın Yasamal rayonunda da baş verib. Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100 000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10 000 ABŞ dollarını alarkən saxlanılıb.
Bundan başqa, Göygöl Rayon Polis Şöbəsinə dekabrın 9-da Quşqara kəndi ərazisində 3 nəfərin Kəlbəcər rayon sakini F.Həsənovun 1900 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri K.Əliyev, E.Mahmudov və H.Tağızadə müəyyən edilərək saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.